Ölkədə quş qripi xəstəliyinə qarşı monitorinqlərə START VERİLDİ 

Hazırda oxunan: Ölkədə quş qripi xəstəliyinə qarşı monitorinqlərə START VERİLDİ 

109466

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən növbəti epizootoloji monitorinqlərə başlanıb.
 

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-nın məlumatında bildirilir.

Monitorinqlərin keçirilməsi üçün Agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.

Monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı çöl quşlarına ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşları ovlanıb.
Eyni zamanda həmin müddətdə Bakı şəhərində, Quba, Xaçmaz, Cəlilabad, Biləsuvar, Beyləqan, Sabirabad və Abşeron rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrindəki, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib və epizootoloji məlumatlar toplanaraq təhlil edilib.

12-16 dekabr tarixlərini əhatə edən monitorinqlər zamanı təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi də nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin