Qarabağda etiraz aksiyası keçirən azərbaycanlı ekoloqlar Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov hadisə yerinə gələnədək aksiyanı davam etdirəcəklər.
Bizim.Media xəbər verir ki, bunu report.az-a hadisə yerində olan əməkdaşına azərbaycanlı ekoloq Könül Əlizadə deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir – ANBAAN VİDEO
Onun sözlərinə görə, etirazçılar Azərbaycanın təbii sərvətlərinin qorunması məqsədilə monitorinq keçirilməsini tələb edirlər:
"Biz təbii sərvətlərimizin hazırda hansı vəziyyətdə olduğu ilə yerində tanış olmaq üçün monitorinqlərin aparılmasını tələb edirik. Lakin sülhməramlılar bizə icazə vermirlər".
K.Əlizadə vurğulayıb ki, etirazçılar sülhməramlıların nümayəndələrini gözləyirlər:
"Biz sülhməramlıların komandanı general-mayor Andrey Volkovun gəlib tələblərimizi dinləyəcəyini gözləyirik, lakin o, hələ gəlməyib. Aksiya iki saatdan çoxdur davam edir, amma hələlik bir nəticə yoxdur”.
Xatırladaq ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
Bizim.Media