“Qarabağ Mixaylosu” Mehdi Ziyadovun ANIM GÜNÜ – Şəhidin keçdiyi DÖYÜŞ YOLU 

Hazırda oxunan: “Qarabağ Mixaylosu” Mehdi Ziyadovun ANIM GÜNÜ – Şəhidin keçdiyi DÖYÜŞ YOLU 

108907

Mixaylo! Yəqin ki, o məşhur film hamınızın yadındadır - "Uzaq sahillərdə". Alman faşistləri Mixaylonu ( Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə - red.) ələ keçirmək üçün başına pul qoyur. Amma onu ələ keçirə bilmirlər. Mübarizədən çəkindirmək üçün dəfələrlə müxtəlif tədbirlər görürlər, Mixaylonu dayandıra bilmirlər. Sonda mühasirəyə düşən Mixaylo faşistlərin əlinə keçməmək üçün özünü qumbara ilə partladır. 

Eynən “Qarabağ Mixaylosu” ləqəbi ilə tanınan Mehdi Bəhram oğlu Ziyadov da bu mənzərəyə bənzər döyüş epizodu yaşayıb. Hətta bir dəfə döyüş yoldaşları ilə mühasirədən də çıxa biliblər. 

Haqqında söhbət açdığımız bu igid oğlumuz birinci Qarabağ şəhididir. O, 10 dekabr 1964-cü il tarixində Qax rayonunun Qıpçaq kəndində anadan olub. Qıpçaq kənd orta məktəbini bitirdikdən sonra sovxozda fəhlə işləyib. 

1985-ci ildə Moldovada hərbi xidmətdən sonra Bakıda texniki peşə məktəbində mebel ustası peşəsinə yiyələnib, Mingəçevirdə məişət xidməti kombinatında işə düzəlib. 

Erməni işğalçılarına qarşı döyüşmək üçün Mehdi 1992-ci ilin martında könüllü olaraq Milli Ordu sıralarına qatılıb. O, Goranboy rayonunun Erkəç, Gülüstan, Buzuluq və sair kəndlərinin düşməndən təmizlənməsində iştirak edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün Qax rayonunun Mehdi Ziyadov adına Qıpçaq kənd tam orta məktəbində şəhid “Qarabağ Mixaylosu” ləqəbli Mehdi Bəhram oğlu Ziyadovun anım günü qeyd olunub.

Sonra məktəbin şagird və müəllimləri Qax şəhərindəki şəhidlər xiyabanında əbədi uyuyan qəhrəmanın qəbrini ziyarət edib həmçinin bu müqəddəs məkanda uyuyan şəhidlərin qəbri üstünə qərənfillər düzüblər.

Qeyd edək ki, Füzuli rayonunun Veysəlli kəndi istiqamətində baş vermiş döyüşdə əsgərlərimizin mühasirədən çıxarılmasında xüsusi igidlik göstərən Mehdi düşmənin 1 piyada döyüş maşınını (PDM) və 40-a qədər əsgərini məhv edir.

Bu döyüşdən sonra Mehdinin adı dillər əzbəri olur, o “Qarabağ Mixaylosu” ləqəbini alır. Düşmən tərəf Mehdini aradan götürmək üçün hərbi planlar qurur, onun başına pul qoyurlar. 

Növbəti döyüşdən əvvəl Mehdi təkbaşına kəşfiyyata yollanır. Düşmənin bütün mövqelərini öyrənib geri dönərkən mühasirəyə düşür və Füzuli rayonunun Veysəlli kəndi yaxınlığında şəhidlik zirvəsinə yüksəlir. 

Mehdi Ziyadov Qax şəhərindəki şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra doğulub boya-başa çatdığı və təhsil aldığı Qıpçaq kənd tam orta məktəbinə onun adı verilib. Jurnalist, şair-tərcüməçi Giya Paçxataşvili Mehdinin qəhrəmanlığından bəhs edən “Qarabağ Mixaylosu” adlı kitab nəşr etdirib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin