Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 16 nəfər xilas edilib, 50 nəfər təxliyə olunub, yanğın zamanı 3 nəfər xəsarət alıb. Həmçinin, Abşeron rayonu, Görədil kəndində yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalan təcili tibbi yardım avtomobili xilasedicilər tərəfindən xilasetmə texnikasının yedəyinə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.
Bundan əlavə, 09.12.2022-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 160m² olan ikimərtəbəli dördotaqlı evdə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində partlayış baş verib. Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb.
Yanğın hadisəsi olmayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
Bizim.Media