Gəncədə su və kanalizasiya sistemlərinin yenidən qurulması düz 11 ildir ki, sürücüləri boğaza yığıb. Nə itir, nə də ki bitir...
2011-ci ilin sentyabr ayında başlayaraq Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə start verilib.
Həmin dövrdən başlayaraq şəhərin müxtəlif yerlərində işlərin əksəriyyəti yekunlaşıb. Rəsmi rəqəmlərə baxsaq ümumilikdə Gəncə şəhərində 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. İndiyədək şəbəkələrin 40 faizi inşa edilib.
Bu işlərin görülməsi, əhalinin içməli su ilə təminatı, kanalizasiya xəttlərinin yenilənməsi çox təqdirə layiq haldır. Amma bu görülən işlərin fonunda Gəncə sakinləri, əsasən də avtomobili olan vətəndaşlar çox əziyyət çəkir.
Problemin nədə olduğunu Bizim.Media-nın yerli bürosu araşdırmağa çalışıb.
Bu layihənin həyata keçirilməsi üçün işlər aparılan ərazilərdə yolların bağlanılması təbii bir haldır. Həm sakinlər, həm də sürücülər bunu çox anlaqlı qarşılayırlar. Gəncə böyüyür, inkişaf edir, yenilənir, müasirləşir. Sürücülər bu işlər görülən ərazılərdə alternativ yollar axtarırlar. Kimisi həmin küçələrdən keçməməklə, kimisi də ara küçələrdən istifadə etməklə vəziyyəti başa düşməyə çalışır.
Bu yaxınlarda, yəni təxminəm bir aydan artıqdır ki, bu layihə üzrə işlər şəhərin Təbriz küçəsində aparılırdı.
Əgər nəzərə alsaq ki, həmin küçə əsas magistral yollardan biridir sürücülərin nə qədər əziyyət çəkdiyini başa düşə bilərik. Lakin yenə də vətəndaşlar bütün bu işlərin şəhərin infrastrukturuna xeyirini dərk edərək bir müddət səbrlə işlərin yekunlaşmasını gözlədilər. Demək olar ki, adı qeyd olunan Təbriz küçəsində işlər 10 gündən çoxdur ki, yekunlaşıb.
Amma sürücülər yenə də çox böyük çətinliklərlə üzləşiblər. İndi də problem həmin xətlərin qazılaraq borular basdırıldıqdan sonra yerinin normal şəkildə doldurulub, qaydasında işlənilməməsindədir. Xeyli müddətdir ki, bu yolda həmin boruların basırıldığı yer çökmüş, bəzi yerlərdə dərinliyi 10-15, hətta 20-25 santimetrə qədər dərinlikdə olan çalalar əmələ gəlmişdir. Maraqlısı isə odur ki, bu çalaların yerini yenidən doldurmaq, onu normal vəziyyətə gətirmək heç kimin yadına belə düşmür.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
O, bildirdi ki, layihənin həyata keçirilməsi üçün sifarişçi “Azərsu” ASC olsa da işlərin icraçısı podratçı təşkilat olan “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındaki filialı və “AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsidir:
“Bu şirkətlər Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin həyata keçirilməsi üçün tenderin qalibidirlər. Onlar aparılan bütün qazıntı işlərinin, boruların çəkilməsi, onun yerinin doldurulması, yolun asfalt örtüyünün bərpa olunması işlərini həyata keçirən qurumlardır və orada yaranan bütün problemlər həmin şirkət tərəfindən aradan qaldırılmalıdır”.
Konkret Təbriz küçəsində yaranan bu problemlə bağlı “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının məsul şəxsləri ilə əlaqə yaratmağa çalışdıq. Həmin şirkətdə icraçı kimi çalışan İbrahim Məmmədov bildirdi ki, layihəyə uyğun olaraq bütün işlər yekunlaşdıqdan sonra xətlər çəkilən küçələrin asfaltlanması nəzərdə tutulub və yaxın vaxtlarda bu işlər görüləcək.
Əlbəttə layihəyə uyğun işlərin aparılması vacibdir. Həm tez, həm də keyfiyyətli iş görmək üçün şirkətin müxtəlif küçələrdə qazıntı işlərinin operativ aparması da yaxşı haldır.
Gəncə sakini Əli Məmmədov deyir ki, amma bu zaman həmin yollarda avtomobil sürən sürücüləri, onların həmin yollarda sıradan çıxan avtomobillərini də nəzərə almaq lazımdır:
“Hər halda layihədə deyilmir ki, yolları qazdıqdan və işləri gördükdən sonra həftələrlə yollarda dərin, keçilməz, maşınların altı belə dəyə biləcək çalalar, xəndəkləri baxımsız və nəzarətsiz qoyub bütün işlərin qurtarmasını gözləmək lazımdır”.
Digər sakin Füzuli Əsədov isə deyir ki, bütün bu işlərə aidiyyatı dövlət qurumları nəzarət etməlidirlər:
“Yoxsa ki, kimdir öz xoşu ilə işi keyfiyyətli başa vursun. Podratçı işi görmək öhtəliyi götürüb, şəhər sakinlərinin rahatlığını təmin etmək üçün nəzərdə tutlan qurumlar isə buna heç olmasa nəzarət etməli, yeri gələndə öz iradlarını bildirməlidirlər”.
Əslində sakinlər düz deyir, çünki iş onların ola bilər, yol, qalan infrastruktur isə dövlətə məxsusdur. Çünki bu işlərin görülməsinə dövlət xəzinəsindən pul xərclənir. Malına sahiblik eləmək isə dövlət qurumlarının məsuliyyətidir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu