“Xamenei mənə dedi ki...” - Elmar Məmmədyarovla ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: “Xamenei mənə dedi ki...” - Elmar Məmmədyarovla ÖZƏL MÜSAHİBƏ

108320

Bizim.Media-nın növbəti qonağı Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovdur. 

Müsahibəni təqdim edirik: 

- Elmar müəllim, müsahibə təklifmizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. İlk öncə sizə necəsiz deyərək başlamaq istərdim. 

- Təşəkkür edirəm. Yaxşıyam. Çox sağolun ki, məni dəvət etdiniz. Mənim üçün böyük şərəfdir. Çox maraqlıdır ki, indi, sual-cavab necə keçəcək?!

- Təşəkkür edirəm. Siz 17 ilə yaxın Azərbaycan Xarici İşlər naziri oldunuz. İki ildir siyasətdən uzaqsınız. Hazırda Azərbaycan xəritəsinə, siyasətinə baxanda nələri görürüsünüz?

- Yaxşı sualdır. Mən Azərbaycan Xarici İşlər Nazirliyində 1983-cü ildən işləyirəm. O vaxt hələ SSRİ var idi. Ömürboyu XİN-də çalışmışam. Müstəqillik illərində Azərbaycan Respublikasının xaricdə açılan ilk nümayəndəliyi Nyu-Yorkda idi. Mən də ilk diplomatlardan biri idim. O vaxt çətin vəziyyət idi. Çünki Ermənistan Azərbaycan toropaqlarını işğal etməyə başlamışdı. Biz isə cəmi, səfirlə birlikdə 5 nəfər idik. Hələ o vaxt sözügedən məsələni müzakirə üçün Təhlükəsizlik Şurasında qaldırdıq. Orada çalışarkən, bir il ərzində TŞ-da 4 qətnamə qəbul edildi. 
Sonra Cənab Preizdent böyük etimad göstərdi və məni 2004-cü ildə Xarici İşlər naziri təyin etdi. Gün ərzində çalışmalarımızın 90 faizi işğal edilmiş torpaqlarımıza aid idi.

Şükürlər olsun ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində 30 illik işğala son qoyuldu. Azərbaycan Ordusu 44 gün ərzində rəşadət göstərdi, dünya hərb tarixinə adını həkk etdirdi. Mən tam əminəm ki, tezliklə bütün Qarabağ ərazisində dövlətimizin süverenliyi tanınacaq. Burada Azərbaycan diplomatiyası da böyük uğur əldə etdi, 44 gün ərzində elə bir ölkə olmadı ki, Azərbaycanın ərazibütövlüyünü tanımasın. 

Mən bir çox görüşlərdə Cənab Prezidentlə şəxsən iştirak etmişəm. Elə bir görüş yox idi ki, Cənab Prezident Qarabağ məsələsini qaldırmasın. Azərbaycan torpaqları işğal altında idi, bir milyon qaçqın və məcburi köçkün var idi. Hər görüşdə bu məsələ diqqətdə saxlanılırdı, dövlət başçımız beynəlxalq təsisat rəhbərlərinin, supergüclərin bir başa üzünə bu həqiqətləri deyir, onu görməzdən gələnlərdən hesab sorurdu. Ermənilər elə düşünürdü ki, münaqişənin üstündən 30 il keçib əhəmiyyətini itirib, 50 il keçsə daha heç kim xatırlamayacaq. Amma Azərbaycan Prezidenti prinsipialllıq nümayiş etdirərək, böyük siyasi iradə ortaya qoyaraq ölkəmizi Böyük Zəfərə qovuşdurdu. Ədalət bərpa olundu, regionda yeni reallıq yarandı.

- Elmar müəllim, iki ildən artıqdır ki, müharibə bitib. Ortalıqda münaqişə yoxdur. Hazırda sülh müqaviləsi üçün işlər görülür, amma... 

- Azərbaycanın mövqeyi aydındır, siyasi iradəsi var. Dövlətimiz də, xalqımız da sülh müqaviləsni istəyir. Delimitasiya, demarkasiya işini bir an bitirib, sərhədlərimizi tanımaq fikrindəyik. Amma iki il keçib, ermənilər vahid düşüncəyə sahib ola bilmirlər. İki il ərzində döyüşlər ara-sıra davam edir. Delimitasiya, demerkasiya yoxdursa, deməli sərhəd yoxdur.

Azərbaycan üçün sülhə məcbur etmək yolları var, amma hələ səbr edirik.  Bir şey var ki, səbrin də bir həddi var, 30 il gözlədik, sonra torpaqlarımızı azad etdik, bunu da istənilən vaxt həyata keçirə bilərik. Şərtləri Azərbaycan diqət edir.

- Bir də Azərbaycanın hədəfində Zəngəzur dəhlizi var. Təəssüf ki, dediyiniz kimi, delimitasiya, demarkasiya, sülh müqaviləsi yoxdur deyə Zəngəzur dəhlizi də gecikir. Bu dəhlizin önəmi barədə düşüncələrini necədir? 

- Bu dəhliz ermənilərin milli maraqlarına daha uyğundur, onlara böyük faydası olacaq. Biz bunu əvvəllər də erməni tərəfinə təklif edirdik. Mən xatırlayıram ki, Ermənistan tərəfi ilə müzakirə edəndə hər zaman bir arqumentdən istifadə edirdim. Deyirdim ki, bu, sizin üçün maraqlı olmalıdır. Siz dalandasız. Təklif edirik ki, gəlin yolları açaq ki, bir az inkişaf edəsiz. Azərbaycan onsuz da inkişaf edəcək. Enerji baxımından öz siyasətimizi qurmuşuq.

Bakı-Tbilisi-Ceyhan işləyir, yeni qaz kəməri də işə düşüb. Yəni, biz öz işimizi görürük. Ona görə də ermənilər vaxtında anlamalıdırlar ki, onsuz da bir çox layihələrə gecikiblər, heç olmasa bu şansı əldən verməsinlər. Zəngəzur dəhlizi həm də regional təhlükəsizlik, stabillik üçün böyük önəmə sahibdir.

- Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Azərbaycana qarşı təxribatlar olur. Demək olar ki, Azərbaycan Müdafiə Nazirliyi son zamanlar hər gün bu barədə xəbərlər verir.

Onlara da xəbərdarlıqlar olunur. Sizin fikrinizcə, Rusiyanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə marağı nədən ibarətdir? Onlar Qafqazda sülh istəyirlər, ya münaqişə?

- İqtisadi baxımdan əlbətdə ki, Rusiya üçün yeni tranzitin açılması önəmlidir. Hindistandan, Çindən birbaşa körfəzə gəlsin, oradan İran vasitəsilə Azərbaycana və keçsin Rusiyaya. Bu baxımdan Rusiya üçün münaqişə deyil, sakitçilik, stabillik önəmlidir. Amam bunun necə icra olunması məsələsi sual altındadır. Marqların toqquşduğu məqamlar var. Rusiya iqtisadi proseslərə nəzarət etmək potensialını, yeni düşüncə tərzini özündə hiss etmir. Ona görə də yenə əl atır köhnə metodlara, ona hərbi nəzarət prinsipi, münaqişə faktorları daha doğmadır. 

- Hazırda Qarabağda Ruben Vardanyan adı və özü var. Vardanyanın kirli keçmişi yəqin ki, sizə də məlumdur. Qondarma qurumun, qondarma “Artxax”ın qondarma baş naziri olub. Ruben Vardanyanın Qarabağda olması yeni münaqişəyə yol aça bilərmi?

- “Artsax” deyəndə ki, Ermənilər öz ölkələrini Hayastan adlandırılar. Gürcülər özlərinə Sakartvelo deyirlər. Biz də Alban, Arnavutlar deyirik. Yəni, özünə necə ad qoymağın mahiyyəti dəyişmir. O ki qaldı Vardanyanın Qarabağa gəlməyinə, o, Rusiyanı tərk edərkən, vətəndaşlıqdan imtina edib. Fikir vermisinizsə, Rusiyanı tərk edən milyarderlər oldu. Onların hamısının pulları zəbt olunur. Vardanyanın pulları isə zəbt olunmayıb. Bu özü maraqlı bir faktdır, çox şey deyir, arxasında kimin durduğu da bəllidir. Amma bir nəfərin gəlib nəyisə dəyişəcəyinə heç kim inanmır və bu mümkün deyil, təzyiq vasitəsidir.

Çox təəssüf ki,  bunlar hələ də köhnə metodlardan əl çəkə bilmirlər. Vardanyan deyir ki, Qarabağ Ermənistanın vilayəti olmaq istəmir. Azərbaycandan da imtina etməyə cəhd edirlər, bu mükün olmayacaq, regionda Azərbaycanın yaratdığı yeni reallıq var və bununla hesablaşmaqdan başqa yol qalmayıb. Bunlar beynəlxalq hüququn bir prinsipindən yararlanmağa cəhd edirlər, erməni bicliyi işlədib Dağlıq Qrabağ xalqı adlı bir qondarma anlayış ortaya qoymağa çalışırlar. Əvvala bu xalqın içində həmin ərazilərdə yaçşayan azərbaycanlılar da var, ikincisi, belə bir məfhum artıq yoxdur. Var Qrabağ, var Şərqi Zəngəzur. Azərbaycan bütün köhnə anlayışları iki il bundan aqabağa tarixin arxivinə göndərib. 

- Bildiyiniz kimi Azərbaycan-İran münasibətləridə əvvəlki kimi deyil. Siz də iranlı həmkarlarınızla uzun illər işləmisiniz. İranın bu gün Azərbaycandan istəyi nədir? Zəngəzur dəhlizinin reallaşmaması üçün atdığı addımların məqsədi nədir?

- Mən işlədiyim müddətdəki insanlar tam ayrı fikirlərdə idilər. Onlar düşünürdülər ki, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. O vaxt çətin də olsa Təbrizdə Azərbaycan konsulluğunu açdıq. Mən Təbrizdə olanda Xamenei yaxşı bir söz işlətdi. Dedi ki, “Baba, sən biləsən, bütün inqilablar Təbrizdən başlayır”. İndi bilmirəm, bu inqilab olacaq, ya olmayacaq, amma İran hökuməti tam şəkildə qəbul etməlidir ki, dəyişikliklər, reformalar aparılmalıdır. Dəyişiklik Azərbaycanla əlaqələri korlamaq deyil, içəridə olmalıdır. Onlar özləri analiz etməlidirlər, vaxt çatıb.

- Bilirsiniz ki, artıq Azərbaycanla Türkiyə arasında Şuşa bəyənnaməsi var. Bu bəyannamənin önəmi, dünyaya mesajı barədə nə deyə bilərsiz? 

- Cənubi Qafqazda Türkiyənin rolu günü-gündən qalxır. Oşuşa bəyannaməsi də bu aspektdə çox böyük mesajdır. O cümlədən bizim qonşularımıza da. Artqı Türkiyə 70-80-ci illərin Türkiyəsi deyil, böyük gücddür. Bu birlikdir, bütövlükdür, gələcəyimizin qarantıdır. Türkiyəyə, onun rəhbərliyinə də bu orinsioial mövqeyə, dəqiq siyasi iradəyə görə, minnətdarıq. Qardaşın qardaşı borcu olmaz təbii, təşəkkürlərimiz böyükdür. 

- Türk dövlətlərinin birləşməsi prosesi gedir. Biz bunu iqtisadi, siyasi əlaqələrdə daha geniş görürük. Amma məsələyə münasibət birmənalı deyil, sizcə proseslər hansı istiqamətdə inkişaf edəcək? 

- Türkdilli ölkələr Türkiyə ilə iqtisadi, siyasi, həm hərbi baxımdan daha sıx əlaqələr quracaqlar. SSRİ dağılandan sonra beynəlxalq aləmdə münasibətlər bir az sual altında idi. ABŞ, Aİ deyirdi ki, bütün dünyanı demokratiya ilə idarə edəcəyik. Amma alınmadı, bu ideya fiaskoya uğradı. İndi dünya dəyişib, başqa maraqlar və prinsiplər ortaya çıxıb. Ona görə də yeni düzənə bir türk svilizasiyası kimi hazır olmalıyıq. 

Əgər kimsə türkdilli ölkələri birləşməsinə görə qorxutmaq istəyirsə, bu mənasızdır, o zaman ötdü. Ətrafda olan ölkələr də onu anlayırlar və başa düşürlər. Türk dövlətləri artıq dünya arenasında yeni bir güc mərkəzidir. Əgər biz istəyiriksə ki, Türkmənistandan Azərbaycan vasitəsi ilə Türkiyəyə qaz kəməri çəkək, kim buna mane ola bilər? 

- Elmar müəllim, siyasətdə yeni bir söz var. Yəqin ki, siz də eşitmisiz, “gücün hüquqdan üstün olduğu bir dünyadayıq”. Həqiqətənmi güc hüquqdan üstündür?

- Bu hər zaman belə olub, dünya həmişə belə idarə edilib. Açıq danışaq, NATO Belqradı niyə bombaladı? Bu, hansı hüquqa uyğun idi? Çox sayda belə misallar gətirmək olar.

- Yerigəlmişkən, bu istiqamətdə bir sualım var sizə. NATO dediniz, necə düşünürsüz, Azərbaycan nə vaxtsa NATO-da təmsil edilə bilərmi? NATO üzvü məsələsini nəzərdə tuturam. 

- Hələ baxaq görək, NATO qalacaq ya yox? Görək onun öz gələcəyi necə olacaq? NATO-dan başqa digər beynəlxalq təşkilatlar – ATƏT, BMT də həmçinin. Gərək hamısı böyük bir reform keçirsinlər, dünyada vəziyyət dəyişib, heç kim köhnə prinsiplərlə yaşamaq istəmir. 

- Maraqlı cavab idi. Qayıdaq bir daha Azərbaycanla-Ermənistan münasibətlərinə, necə düşünürsüz, sülh müqaviləsi tezliklə mümkün olacaqmı?

- Hər şey ermənilərdən asılıdır. Görək Paşinyan sülhü xalqına necə təqdim edəcək? Yəqin ki, Paşinyan özü bilir, erməni xalqı, Ermənistanda yaşayanlar yorulublar. Siz torpağı götürüb göyə qalxa bilməzsiz ki?! Yaxşı qonşuluq Ermənistanın inkişafı üçün ən önəmli faktordur. 

- Uzun illər Xarici İşlər naziri oldunuz. Bir çox ölkələrdən dostlarınız var. Keçmiş həmkarlarınızla əlaqələriniz davam edirmi? 

- Mövludla (Mövlud Çavuşoğlu) əlaqədəyik. Mən zəng edirəm, o zəng edir, mesajlaşırıq. Bir-birimizi qardaş adlandırırıq. Dost yox, qardaş. Digərləri də var. Adlarını çəkmək istəmirəm.

Əfsuslar olsun ki, Belarusun Xarici İşlər naziri yaxın vaxtlarda həyatını itirdi. Çox yaxşı adam idi. 

- Elmar müəllim, zaman ayırdığınız üçün çox təşəkkür edirəm. 

- Mən də sizə təşəkkür edirəm. Dəvət üçün minnətdaram. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin