Bu gün səhər 08:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 67m² olan ikiotaqlı mənzilin eyvanında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində, ilkin məlumata əsasən, 1 nəfər xəsarətlərlə xəstəxanaya aparılıb. Partlayış dalğasının təsirindən mənzilin 1 otağının pəncərə çərçivəsi yerindən çıxıb, giriş qapısına ziyan dəyib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bizim.Media