“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlunun evindən 800 min manatlıq oğurluq edildi

Hazırda oxunan: “Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlunun evindən 800 min manatlıq oğurluq edildi

108180

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, ittihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin Səbail rayonunda İçəri şəhər adlanan ərazisində yerləşən evində xadimə işləyib. 

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.
Lakin istintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindən hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ruzan Cabbarova orta təhsillidir. O, orta məktəbin 8-ci sinfinə qədər təhsil alıb, ailəlidir, 4 uşaq anasıdır. Ruzan Cabbarova bildirib ki, övladlarından 3-nün 18 yaşı tamam olub və ailə qurublar, ayrı yaşayırlar. O deyib ki, himayəsində 11 yaşında olan azyaşlı övladı var.

Daha sonra hakim təqsirləndirilən şəxsin hüquq və vəzifələrini izah edib. Hakim həmçinin bildirib ki, cinayət işi üzrə zərərçəkmişlər – Orxan Qədimbəyli və Fəridə Qədimova məhkəmə iclasının hazırlıq iclasında iştirak etmir.
Hakim onların iştirakı olmadan prosesin davam etdirilməsi barədə tərəflərin fikirlərini öyrənib. Tərəflər isə zərərçəkmişlərin iştirakı olmadan prosesin davam etdirilməsinə etiraz etməyiblər. 

Bundan sonra təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatətlə çıxış edib. O təqsirləndirilən şəxsin şüşə qəfəsdə yox, müdafiəçisi ilə yanaşı əyləşdirilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin etməyib. 

Daha sonra vəkil təqsirləndirilən şəxsin barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. 

Vəkil həmçinin, Ruzan Cabbarovanın barəsində olan cinayət işinə xitam verilməsini, işin yenidən araşdırılması üçün prosessual hərəkətlər həyata prokurorluğa qaytarılmasını istəyib. Məhkəmə bu vəsatətləri də təmin etməyib. Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub. 
İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin