Bir neçə gün əvvəl Bizim.Media Yasamal qəbiristanlığında nakam bəstəkar Asəf Zeynallının qəbirüstü abidəsinin bərbad halı barədə və buradakı qüsurlar haqqında videomaterial hazırlamışdı.
Məsələnin həll yollarını əvvəlcə, Mədəniyyət Nazirliyində axtardıq. Amma nazirlikdən qəti şəkildə bildirildi ki, qəbirüstü abidənin ucaldılması Mədəniyyət Nazirliyinin səlahiyyətləri xaricindədir.
Niyəsini başa düşmədik, amma çıxış yolunu başqa qurumda tapmağa çalışdıq. Dedik bəlkə, Bakı Şəhər İcra Hakimiyyəti bu işə bir əncam çəkə bilər. Amma bu qurumun da mətbuat xidmətindən bildirildi ki, qəbisiristanlıqlar onların balansında deyil.
MÖVZU İLƏ BAĞLI:
23 il yaşamış Asəf Zeynallının dağılmış 90 yaşlı QƏBRİ – Ona sahib çıxan niyə tapılmır? –VİDEO
Əlimiz üzümüzdə üz tutduq Yasamal Bələdiyyəsinə. Axır ki, bir insaflı tapıldı. Bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri Rizvan Mahmudov Bizim.Media-ya açıqlamasında ərz etdi ki, qəbiristanlıqda bütün məzarlar kimi Asəf Zeynallının da qəbri nəzarətdədir:
“Qəbiristanlıqda təmizlik işləri görülür, səliqə-sahman yaradılır. Asəf Zeynallının qəbirüstü abidəsinin üzlük daşı çat verib. Bunun da həllinə çalışacağıq”.
Abidənin üzərində bəstəkarın adının səhv yazılması və bunun düzəldilməsi ilə bağlı suala gəlincə, bələdiyyə nümayəndəsi bildirdi ki, abidənin bərpası və müəyyən dəyişikliklər üçün yuxarı orqanlar tərəfindən məsləhət görülərsə, nəsə etmək olar:
“Bildiyiniz kimi bələdiyyə büdcəsini özü formalaşdırır. İndiki halda hansısa xərclərimizdən azaldaraq abidənin bərpası üçün əlimizdən gələni edəcəyik”.
Aləmdə Nəsib, Bizim.Media