Müharibə başlayandan bir gün sonra ölən leytenant - ''Qəhərə boğulmuş komandir...'' - VİDEO

Hazırda oxunan: Müharibə başlayandan bir gün sonra ölən leytenant - ''Qəhərə boğulmuş komandir...'' - VİDEO

10783

“Ağır döyüşlər zamanı oğlumdan xəbər ala bilmədik. Sentyabrın 29-da oğlumun telefonunu yığdım. Komandiri götürüb Elvinin orada olmadığını dedi. “Oğlumun səsini eşitmək istəyirəm, anayam axı...” dedim. Sakitlik çökdü... Qəhərə boğulmuş komandir “Oğlunuz şəhid olub” dedi. Bu cavabı gözləmirdim... Həmin günün axşamı şəhid oğlum evinə gəldi...”.

Bunu Bizim.Media-ya şəhid Elvin Əlimovun anası İradə Əlimova deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid olan 9 “dəniz pişiyi”ndən biri – “Ermənilərin içində olduğunu hiss etdirməyib...” - ANA - VİDEO


Ananın sözlərinə görə, oğlu döyüşdə olduğu müddətdə günlərini nigarançılıqla keçirib. Ondan xəbər ala bilməyəndə isə gözlərini telefona dikib zəng gözləyirmiş:

Elvin Əlimov 1995-ci il iyunun 8-də Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olub. Orta təhsilini Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 280 saylı orta məktəbdə alıb. 

Valideynlərinin arzusu ilə əvvəlcə musiqi məktəbində təhsil alan Elvin Əlimov gözəl tar çalarmış. Atası I Qarabağ savaşında iştirak etdiyi üçün onda həm də hərbiyə həvəs olub. Bu həvəs onu əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyə, sonra Heydər Əliyev adına ali hərbi məktəbə aparıb.

2017-ci ildə leytenant rütbəsində təhsilini uğurla başa vuran Elvin Əlimov Azərbaycan ordusunun hərbi hissələrindən birində xidmət edib. II Qarabağ savaşı başlayanda cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 


“İndi oğlumun şəkilləri ilə təsəlli tapıram. Onun qısa, amma şərəfli yoluna baxıb qürurlanıram. Bilirəm ki, oğlum vətənini qorumaq üçün qanını torpağa hopdurdu. Ona görə də oğlumla daim fəxr edəcəyəm”- deyir ana...

Oğlunun döyüş yolundan danışan şəhidin atası Nəsrəddin Əlimov hər dəfə ağır döyüşlərə gedəndə oğluna xeyir-dua verirmiş:

“Qulluqda olduğu müddətdə təlimlərdə fəal iştirak edib və fəxri fərmanlarla təltif olunub. Tağım komandiri idi. Tankçı və özünün şəxsi heyəti ilə hücuma keçdi. Sentyabrın 28-i günorta saatlarında özü xəbər verdi ki, düşmənə ağır və sarsıdıcı zərbələr endirdik.
 

Ola bilsin ki, düşmən təslim olsun və ağ bayraq qaldırsın. Çox sevindim. Anasını da sevindirmək üçün gedib şirniyyat alıb gətirdim. Hardasa axşam saatlarında yenidən məlumat aldım ki, oğlumgilin bölümü yenidən hücuma keçəcək.


Elvinlə danışıb, ona xeyir-dua verdim. Gecə saat 03:00 tarixlərində onların tankları vurulub. Əsgərlərimiz tanklardan çıxaraq ətrafa səpələniblər.

Hətta Cəbrayılın başlanğıcına qədər gedib çıxıblar. Dayanmadan mərmi yağışına tutulan hərbçilərimiz səhəri günortaya qədər hərəkətsiz yerdə uzanıqlı qalıblar”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 
Suraxanı rayonunun Hövsan qəsəbəsində dəfn olunub.

Alçina Amilqızı, Bizim.Media 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin