Kəlbəcər rayonunun hazırda rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qozlukörpü (ermənilər adını Ketavan qoyub) kəndində azərbaycanlılarla ermənilər arasında dava düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Mənbə yazır ki, dekabrın 4-də Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan yük avtomobillərinin karvanının Suqovuşan-Kəlbəcər marşrutu üzrə hərəkəti növbəti dəfə təşkil edilib.
Karvan yük maşınlarından və bir minik avtomobilindən ibarət olub, içərisində də mülki geyimli dörd azərbaycanlı olub.
Kəlbəcər rayonunun Qozlukörpü kəndinin ərazisində karvan texniki səbəblərdən dayanıb, maşında olan azərbaycanlılar maşından yerə düşüblər. Kənddə onlarla erməni gənclər arasında mübahisə yaranıb və nəticədə dava düşüb.
Hadisə iştirakçıları yüngül bədən xəsarətləri alıb, azərbaycanlıların minik avtomobilinə də ziyan dəyib.
Yeri gəlmişkən, bu informasiya hələ rəsmi şəkildə öz təsdiqini tapmayıb.
Bizim.Media