Bu yazımızda Qaraheybət faciəsinin daha bir igidini, 35 yaşında şəhid olmuş Emil Əliyevi anasının dili ilə anacağıq. Ağır itkiyə mətanətlə sinə girən ana ilə balanın çox böyük bağlılığı olub.
Bizim.Media xatırladır ki, Emil Elman oğlu Əliyev 1986-cı ildə Naxçıvanda doğulub. 10 yaşı olanda ailə Bakıya köçüb. Bakıdakı 36 nömrəli orta məktəbdə təhsilinə davam edən Emil hələ uşaqlıqdan hərbiyə, pilotluğa həvəsi olub.
MÖVZU İLƏ BAĞLI:
Sevgilisi hələ də məzarına gül daşıyır - Qaraheybət şəhidi CƏNAB LEYTENANT
Akademiyanı bitirəndən sonra pilotluğu özünə daimi peşə çecib.
Anası, Bakıdakı 36 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Şəmidə Əliyeva deyir ki, "Emil ailəmizin Emindən sonra 2-ci oğlu idi. Çox istiqanlı uşaq idi. Uşaqlıqdan rəhmətlik atası Elman da onu çox vətənpərvər böyütmüşdü, mənim ədəbiyyat müəllim olmağım da onun bu cür vətəni içdən sevməyinə bir səbəb oldu”.
Şəmidə müəllimə vurğulayır ki, "mayor oğlumun arzuları çox idi, gələn ay polkovnik rütbəsi alacaqdı, bu geyimi geyinəcəkdi. Arzusu gözündə qaldı”.
Ana bildirir ki,çox gözəl ürəyi olan Emilia ailə həyatı gətirmədi. Həyat yoldaşından ayrılıb bizimlə yaşayırdı. 10 yaşlı Aydar liseyin 5-ci sinfində oxuyur, anasi ilə yaşayır:
"Tez-tez bizdə olur, getmək istəmir. Deyir ki, qoy bir az da qalım. Siz görsəydiniz, Aydar atasına necə bağlı idi? Emil dəfn olunandan sonra onu 2-ci Fəxri Xiyabana aparmışdılar. Orda atasına yazıb bir məktub qoymuşdu. "Sən əfsanə atasan, ata. Sən daha Şəmidə nənənin deyil, bütün Azərbaycanın sevimlisisən. Səninlə fəxr edirəm, ata".
Şəmidə müəllimə oğlu ilə son görüşünü belə xatırlayır:
"Gecə bizə gəlmişdi. Səhər yoluna yemək və tort qoydum. Sağollaşıb getdi, ağlıma belə gəlməzdi ki, mənim Emillə son görüşümüz imiş."
Şəmidə xanım o müdhiş xəbəri noyabrın 30-da çox gec, axşam saat 6-da eşitdiyini bildirir:
"Əlim işə “yatmırdı”. Yemək də boğazımdan keçmirdi.Emilia iki nömrəsinə yazdım, cavab gəlmədi. Sonra bu xəbəri eşitdim".
"Mart ayında hicab geyinməyə başladım. Oğlum həmin gün yuxuma girmişdu, görürəm harasa gedirəm. Dedi ana, niyə hicab taxmırsan? Dedim qoy Həccə gedim, gəlim sonra. Mənə dedi ki, biz dünən qayıtdıq Həccdən. Mən də oğlumun yuxudakı o sözündən sonra Hicab taxıram. Oğlum bunu mənə əyan etdi”, şəhid pilot Emil Əliyevin anası əlavə edib.
DSX-nin şəhid pilot igidlərindən olan Emil haqda qürurla danışan Şəmidə müəllimə yazının sonunda oğluna ithaf etdiyi bu sözləri verməyimizi xahiş etdi:
“Emil mənim ürəyimdə iki paydır: Fərəhli və kədərli. Fərəhli tərəfi fəxrimdi, and yerimdi, qürurumdu. Kədərli tərəfi isə bitib tükənməyən həsrətim, intizarlı gözlərim, daima sızlayan qəlbimdi...”.
Ruhu şad olsun!
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu