Təcili yardım necə hamilə qadının ölümünə SƏBƏB OLUB? - TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Təcili yardım necə hamilə qadının ölümünə SƏBƏB OLUB? - TƏBİB-dən AÇIQLAMA

107513

Xəbər verildiyi kimi Bakıda hamilə qadın qanaxmadan evdə ölüb. Hadisə noyabrın 30-da Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.

Vəziyyəti pisləşən Nəzrin Həsənova üçün yaşadığı Binəqədi rayonu ərazisindəki ünvana Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılıb. Ailəsinin iddiasına görə 45 dəfə təcili yardıma zəng vursalar da, 2 saat sonra gəlib. Məhz təcili tibbi yardımın vaxtında yetişməməsi və gecikməsi gənc hamilə qadının ölümünə səbəb olub.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ailənin bu iddiası ilə razılaşmayıb. Qurumdan Bizim.Media-ya bildirilib ki, Nəzrin Həsənovaya görə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.

Briqada saat 04:11-də ünvana çatdıqda ölümlə rastlaşıb.

Buna baxmayaraq, ailənin təkidilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Nəzrin Həsənovanın meyiti daxili müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin