Elm və Təhsil Nazirliyinin rəsmi tərəfdaşı olan və İctimai Televiziyada 2015-ci ildən yayımlanan “Əlaçı” telelayihəsində rekorda imza atan Asiman Mirzəliyev İsmayıllı rayonunun Göytəpə kəndində doğulub boya-başa çatıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Asiman 8-ci sinifdən müxtəlif yarışlara, olimpiadalara, intellektual müsabiqələrə qatılıb.
Onunla müsahib olmaq olduqca maraqlı və yaddaqalandır. Sadə və səlis nitqi ilə fərqlənir.
“Rəqabət olan yer həmişə mənim üçün maraqlıdır. Bu vaxta kimi “Nə, Harada, Nə zaman?” televiziya layihəsinə, respublika fənn olimpiadalarına, müxtəlif müsabiqələrə qatılmışam. Son olaraq qatıldığım yarış isə “Əlaçı” televiziya verilişi idi.
Burada da ilk verilişdə qalib olaraq superfinala vəsiqə qazandım. İkinci turda 29 suala doğru cavab verərək verilişin tarixində rekorda imza atdım” deyə o, qeyd edib.
Asimanda oxumaq, ali təhsil alıb vətəninə, dövlətinə xidmət etmək haqda düşüncələri , arzuları sonsuzdur. Onun bu istəyinə, gəlib-getdiyi yollara nəzər salanda bir daha buna əmin olursan.
O, həftənin şənbə və bazar daxil hər gününü yaşadığı Göytəpə kəndindən rayon mərkəzinə gəlir. Havanın isti, soyuq, küləkli bəzən yağışlı olması onun dərslərinə zərrə qədər təsir etmir. Deyir ki, artıq yaşadığı kənddə hamı onu yaxşı tanıyır. Yola düzələn kimi şəhərə gedən istənilən avtomobilin sürücüsü Asimanı mənzil başına çatdırır.
“Hazırda İsmayıllı şəhər Natiq Mehdiyev adına 6 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyram. Arzu, istəklərim çox, hədəflərim isə böyükdür. Çalışıram ki, vaxtımı boşa verməyim. Bəzən avtomobillə yol gedəndə belə kitabımı çıxarır, dərsimi təkrarlayıram. Məhz bu səbəbdən indiyə kimi qatıldığım bütün müsabiqələrdə qaliblər sırasında olmuşam”, deyə o, əlavə edib.
Asimanın təhsil aldığı məktəbin direktoru Qalib Bəşirov Bizm.Media-ya bildirib ki, 6 nömrəli məktəb rayonun ən qabaqcıl məktəblərindən biridir.
Ölkə və bynəlxalq müsabiqə və yarışlarda bir çox uğurlara imza atıb.
“Məktəbimiz bundan öncə 42 ölkənin qatıldığı “Gələcək nəsillərlə üz–üzə layihəsi”ndə də birincilik əldə edib. Məktəb üzrə hər il yüksək bal toplayaraq tələbə adını qazananlar 60-70 faizdən çox olur. Bu və digər uğurlar sayəsində məktəb ölkənin ən qabaqcıl təhsil ocaqlarından biri hesab edilir”, -deyə Asiman vurğulayıb.
Direktor Asimanın son rekordu sayəsində daha bir ilkə imza atdıqlarından bütün kollektivin qürur duyduğunu ifadə edir:
“Onun uğuru həm də bizimki sayılır. Uğurunda, dərslərinə intizamlı yanaşması, təhsilini ön planda tutmasında valideyn və müəllimlərinin də payı əvəzsizdir. Bu günlər müəllimlərini, valideynlərini qürurlu görmək çox gözəldir”.
“16 yaşlı rekordsmen məktəblinin qarşıdakı planları nədən ibarətdir?” sualına Asiman belə cavab verib:
“Hədəfim qarşıdakı buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etməkdir. Hazırda birinci qrup üzrə test imtahanlarına hazırlaşıram. Təkcə ölkəmizdə deyil, dünya miqyasında da tanınan proqramçı-mühəndis olmağı hədəfləyirəm”.
Beləcə məktəblimizə uğur diləyib sağollaşırıq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 01.12.2022
16 yaşlı məktəbli “Əlaçı” telelayihəsində rekorda imza atdı – FOTO
Hazırda oxunan: 16 yaşlı məktəbli “Əlaçı” telelayihəsində rekorda imza atdı – FOTO
Hazırda oxunan: 16 yaşlı məktəbli “Əlaçı” telelayihəsində rekorda imza atdı – FOTO
107239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.