Kür QURUYUR – Belə getsə, 10-15 ilə bu çay Xəzərə gedib çatmayacaq - SOS

Hazırda oxunan: Kür QURUYUR – Belə getsə, 10-15 ilə bu çay Xəzərə gedib çatmayacaq - SOS

107134

Antropogen təsirlər nəticəsində Kür çayında suyun səviyyəsi sürətlə aşağı düşür. Qəribə haldır ki, qış aylarında da bu proses dayanmır. Payız-qış aylarında sululuq dövrünün olmasına baxmayaraq, çayda suyun səviyyəsi sürətlə azalır.

Bəs Kür çayında sululuğun bu qədər azalmasının səbəbi nədir?

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Rza Mahmudov Bizim.Media-ya bildirdi ki, Kür çayında suyun kəskin azalmasının səbəbini öyrənmək üçün ilin əvvəllərində Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Kür çayı boyu dördgünlük səfərdə olublar:

“Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər. İqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekositemlərə ciddi təsir göstərir. Hava temperaturunun ölkə ərazisində 0,8-13 dərəcə artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb”.

Kürün yatağı nə qədər və niyə kiçilib?

Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib.
Mütəxəssislərin fikrinə görə Kür çayında suyun azalmasında başlıca faktorlardan biri də çay hövzəsində aparılan düşünülməmiş, elmi cəhətdən əsaslandırılmamış, ekoloji cəhətdən tədqiq edilməmiş antropogen təsirlərdir.

Bunlara aşağıdakılar aiddir:

1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması;

2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq, Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması;

3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması;

4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamik vəziyyətinin pozulması;

5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi;

6. Çay suyundan özbaşına su götürülmələri və s.

Alimlər vurğulayıblar ki, bütün bu səbəblər üzündən yaxın illərdə vəziyyətin düzələcəyi gözlənilmir. Bu isə ekoloji fəlakət deməkdir. 

Bəs, ekosistemin pozulması ölkəmizə daha hansı sürprizləri hazırlayır?

Bu barədə növbəti yazımızda.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin