Səhiyyə Nazirliyi xaricdə tibb təhsili alanlara MÜRACİƏT ETDİ 

Hazırda oxunan: Səhiyyə Nazirliyi xaricdə tibb təhsili alanlara MÜRACİƏT ETDİ 

107104

Səhiyyə Nazirliyi xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərə müraciət edib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərin imtahanda iştirak üçün ərizələrinin qəbul müddəti 07.12.2022-ci il tarixinədək uzadılır.

Qeyd edək ki, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycanın səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb.

Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.
Azərbaycanda tibb və əczaçılıq fəaliyyətinə buraxılmaları üçün MDB ölkələri və Ukraynada klinik ordinatura təhsili almış şəxslərin (bundan sonra – müvafiq şəxslər) bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanda iştirakı məqsədəmüvafiq hesab edilib.

Bununla yanaşı, internatura proqramlarının müddəti, məzmunu, eləcə də nəzəri təlim və təcrübə hissələrinin rezidentura təhsil proqramlarından kəskin fərqlənməsi ilə əlaqədar internatura hazırlığı keçmiş şəxslərin imtahana buraxılmaması barədə qərar qəbul edilib.

Komissiya internatura təhsili almış şəxslərə həmin hazırlıq əsasında əldə etdikləri ixtisaslar üzrə Azərbaycanda tibb və əczaçılıq fəaliyyətinə buraxılmaları üçün qanunvericiliyə uyğun olaraq rezidentura səviyyəsində təhsil almalarını tövsiyə edib.
İmtahanda iştirak etmək üçün müvafiq şəxslər Səhiyyə Nazirliyinin rəsmi internet saytının (www.health.gov.az) “Elektron Səhiyyə xidmətləri” bölməsində “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” xidməti vasitəsilə 11.11.2022-ci il tarixindən 01.12.2022-ci il tarixinədək sənədlərini təqdim etməli və “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etməli idilər. Lakin ərizə qəbulu 07.12.2022-ci ilə qədər uzadılıb.

İxtisaslar üzrə sual topluları Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilib. Sual topluları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür.

Anesteziologiya-reanimatologiya
Daxili xəstəliklər
Dermatovenerologiya
Kardiologiya
Qastroenterologiya
Mamalıq-ginekologiya
Nevrologiya
Neyrocərrahiyyə
Oftalmologiya
Onkologiya
Ortodontiya
Otorinolarinqologiya
Pediatriya
Plastik cərrahiyyə
Travmatologiya-ortopediya
Urologiya
Ümumi cərrahiyyə
Ürək damar cərrahiyyəsi
Şua diaqnostikası
Psixiatriya
Neonatologiya
Endokrinologiya

İmtahanın nəticəsi barədə məlumatı imtahan keçirildiyi gündə elektron səhiyyə portalında “Şəxsi kabinet” vasitəsi ilə əldə etmək mümkün olacaq. İmtahanın nəticələrindən narazı qalan iştirakçıların müraciətlərinə onların iştirakı ilə Komissiya tərəfindən baxılacaq.
İmtahanda uğur qazanmış şəxslər göndəriş verilməklə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 aylıq kurslara cəlb ediləcəklər. Kursu bitirən şəxslərə Komissiyanın qərarı əsasında Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə təqdim olunacaq və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisələrinə müqavilə əsasında 1 (bir) il müddətinə iş yerinə göndəriş veriləcək.

Ərizə qəbulu bitdikdən sonra ixtisaslar üzrə imtahan tarixləri barədə əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Qeyd olunan tədbirlər müvəqqəti xarakterli olub, qüvvəsi xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin rezidenturaya qəbulu ilə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişikliklər barədə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış layihə təkliflərinin qüvvəyə minməsinə qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin