Dəhşətli Qaraheybət faciəsinin bir ilinin tamamında faciə qurbanlarının ailələrindən xüsusi reportajlarımız olacaq. Ötən il 14 ailəyə Qaraheybətdən qara xəbər gəlmiş 14 hərbçi ailəsində ailə başçılarını itirən xanımların, ana-bacıların iç dünyasına varmışıq.
İlk müsahibimiz Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nərmin Ağayeva oldu.
O atası, Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsinin rəisi olmuş şəhid polkovnik Füzuli Cavadov haqqında danışır:
MÖVZU İLƏ BAĞLI:
Qaraheybət faciəsindən BİR İL ötdü – İstintaq hələ yekunlaşmayıb - FOTO/VİDEO
“Mənim həyatımda noyabr ayı heç vaxt bitməyəcək, həmişə noyabrın 30-u olaraq qalacaq. Mən uşaq olanda elə bilirdim ki, insanların ağrısı bir il ərzində az da olsa sakitləşir. Düzdür, bir il keçdi, amma biz hələ də bu dərdləyik, hamımızın - anamın da, qardaşımın da, əmimin də, nənəmin də ürəyində eyni yanğı var, barışa bilmirik bu dərdlə”.
Nərmin Ağayeva deyir ki, biz ölümündən sonra atamız Füzuli Cavadovun qəhrəmanlıqları barədə daha çox eşitdik:
"Atam bizi işindən həmişə kənarda tuturdu, hərbçi olduğundan onun şəkillərinin, videolarının sağlığında yayılmasına icazə yox idi, ölümündən sonra yayılmağa başladı, biz o videolardan, o şəkillərdən gördük ki, atam necə gözəl hərbçi, aviasiyanın gözəl bilicisi olub. Onunla çiyin-çiyinə döyüşən yoldaşları deyə bilər ki, atam neçə peşəkar və hamı üçün ürəyi yanan əvəzsiz bir insan idi".
Nərmin deyir ki, atasızlığa çox çətindir dözmək, amma bir təsəlli yerim də var:
"Atamın yoxluğu çox ağır olsa da mən mübaliğəsiz deyirəm, 30 il aviasiya sahəsində necə böyük izlər qoyan atam nə xoş ki, bizimlə 55 il bir yerdə oldu. Allah bizə möhlət verdi ki, 55 il onunla yaşadıq. Atam polkovnik Cavadov bütün müsbət keyfiyyətləri özündə birləşdirən qiymətli insan idi. Bizim üçün çox ağır olsa da qürurumuz, şərəfimiz hüznümüzdən çoxdur. Atam sevdiyi göylərin qurbanı oldu. Təsəllimiz budur. Atam həm də hamıya əl tutub yanan gözəl ata, dost, yoldaş və rəhbər idi. Mən ailə və iş həyatımda həmişə atamın yoluma çıraq saldığını görürəm”.
Nərmin Ağayeva 7 yaşlı oğlu Fəridi babasının ölümünə necə hazırlamalarından da danışdı.
Deyir ki, oğlum Fərid atam şəhid olanda ilk günlər hamımızdan çox soruşurdu “Baba hanı?”. O, televiziyada görmüşdü qəzanı, elə bilirdi xəstəxanadadı. Psixoloqun məsləhətilə ona babanın heç vaxt gəlməyəcəyini dedik. O vaxtdan daha heç nə soruşmur. Fərid hamıya deyir ki, “Babam cənnətdədir, ölməyib. Allah onu sevir”.
Qeyd edək ki, Qaraheybət faciəsində həlak olan polkovnik Fəxrəddin Cavadov Bakının Zirə qəbəsində doğulub və orada dəfn olunub. Qızı Nərmin DSX-də işini davam etdirir. Atası ilə birgə işə gəldiyi günləri kövrəkliklə xatırlayaraq hər dəqiqə onun adını doğrultmağa çalışır. Təsəllisi isə göylər şahini olan atasının arzuladığı şəhadət yolunda olmasıdır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu