İlkin Süleymanovdan yeni açıqlama: “Bu cinayəti mən törətməmişəm”

Hazırda oxunan: İlkin Süleymanovdan yeni açıqlama: “Bu cinayəti mən törətməmişəm”

107087

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanova suallar verilib. 

İlkin Süleymanov deyib ki, onun Nərmini qətlə yetirməsi ilə bağlı verdiyi ifadəsi uydurma olub.

Deyib ki, həm istintaq zamanı, həm də hadisənin yerində yoxlanılması zamanı verdiyi ifadələr həqiqət olmayıb: “Mən həmin ifadələri işgəncə altında vermişəm. Həmin zaman nə danışdığımı özüm də bilməmişəm. 2020-ci il yanvarın 6-da, günün birinci yarısında başqa bir rayonda yas mərasimində olduğumu deməliydim. İfadələrim uydurma olub. Özünüz də görürsüz ki, həqiqətləri istintaq zamanı deməmişəm, unutmuşam. Bu faktdır”. 

Onun vəkili Əlibaba Rzayev diqqətə çatdırıb ki, iş materiallarında olan şahid ifadələri ilə yanvarın 6-da, saat 14.30-dək İlkin Süleymanov başqa bir rayonda yas mərasimində olub. 

İlkin Süleymanov deyib ki, hadisə yerində ifadəsinin yoxlanılması zamanı qohumlarını axtarıb:

“Onları axtarmaqda məqsədim bu cinayəti mənim törətmədiyini demək istəməyim olub. Amma bilmirdim ki, özümdə gücü tapıb, onlara bunu deyə biləcəkdim. Amma yenə də gözüm qohumlarımı axtarırdı. Demək istəyirdim ki, bu cinayəti boynuma götürməyi mənə məcbur edirlər. Orada bəlkə də atamı, anamı görsəm, cəsarətə gələrdim, deyərdim ki, bu cinayəti mən törətməmişəm. Zorla bunu mənim boynuma qoyurlar. Təssüflər olsun ki, mən orada nə atamı, nə anamı, nə qardaşımı, nə bacımı, nə də qonşuları gördüm”. 

Əlibaba Rzayev isə deyib ki, İlkin Süleymanov hadisə yerinə gətirilən zaman onun qohumlarını, qonşularının bəzilərini aldatma yolu ilə, bəzilərini isə hədə-qorxu yolu ilə oradan uzaqlaşdırıblar:

“Hətta hadisə yerinə yaxın yaşayan əmisini və ailə üzvlərini də oradan uzaqlaşdırıblar ki, onların heç birini İlkin Süleymanov görməsin. İstintaq bunu qabaqcadan bildiyi üçün bu tədbirləri görüb. Bu da iş materillarında olan ifadələrlə sübuta yetirilir”.

Vəkil deyib ki, Nərmin Quliyeva itkin düşəndən sonra onun əmisi Lətif Quliyev şübhəli kimi tanıdılıb, bunu Nərminin nənəsi Minayə İsmayılova da səsləndirib:

“Bununla bağlı Lətifi saxlayıblar, sonra da sərbəst buraxıblar”. 

Əlibaba Rzayev bildirib ki, istintaqın təqdim etdiyi materillarda İlkin Süleymanovun ifadəsindən başqa cinayəti sübut edəcək heç bir fakt yoxdur. 

Prosesdə İlkin Süleymanov Nərmin Quliyevanın atası Şərif Quliyevə “nəyə əsasən deyirsən ki, mənim oğlum qatildir?” sualını verib.

Şərif Quliyev bildirib ki, ona qətlin İlkin Süleymanovun törətməsini Baş Prokurorluqdan deyiblər:

“Amma mənim öz əlimdə heç bir fakt yoxdur ki, bu cinayəti kim törədib. Mənə deyilənlərin əsasında demişəm”.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin