MTK-lar mərkəzdə söküntüyə niyə həvəs göstərmir? – Kubinka, Papanin, Montin qalıb AĞZIGÜNƏ 

Hazırda oxunan: MTK-lar mərkəzdə söküntüyə niyə həvəs göstərmir? – Kubinka, Papanin, Montin qalıb AĞZIGÜNƏ 

106964

Alatava, Kubinka, Montin, Keşlə, Papanin, Xriptovı, Bayıl və digər bu kimi massivlər bizim uzaq keçmişimizlə bağlı olsa da günümüzə qədər gəlib çıxan acı reallıqların vazkeçilməz mənzərəsidir.

Bu massivlər təkcə gözəlləşən Bakımızın təzadı deyil, həm də sosial durumumuzun inikasıdır. Bu yaşayış məntəqələri şəhərin mərkəzi hissəsində olsalar da son 20 ilin tikinti bumundan uzaq qalıb.
Bu ərazilərdəki həyatlarla qonşuluqdakı göydələnlərdəki həyat arasında yerlə-göy arası qədər fərq var. Kinolarda təsadüf etdiyimiz Hindistanın unudulub yaddan çıxmış məhəllələrini xatırladır. Burda çoxlarımızın görmədiyi və hətta təsəvvür etmədiyi bir Bakı həyatı var.

Son 20 ildə inkişafı və gözəlliyi ilə dünyanına meqapolislərinə meydan oxuyan Bakı da bu massivlər bəs, niyə toxunulmaz qalıb?

Suala əmlak üzrə ekspert Elnur Fərzəliyev aydınlıq gətirdi. 

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, sökülməsi çox vacib olan bu həyət evləri şəhərin mərkəzində olsa da vaxtilə plansız şəkildə tikilib:

“Bir-birinə bitişik tkilən bu evlərin həyəti belə yoxdur. Bakıda evlərin qiyməti nə qədər baha olsa da həmin massivlərdəki həyət evlərinə maraq çox azdır. Çünki, bu massivlərdə yeni, müasir komplekslərin tikiləcəyi xəbəri ilə burdakı vətəndaşın əmlakı avtomatik bahalaşır, qiymətə minir. Üstəlik, söküntü aparan şirkət ev yiyəsinə bir neçə il kirayə haqqı verməli olur. Bu da bu massivlərə marağı azaldır”.

Ekspert bildirdi ki, kütləvi söküntülər hesabına yaşayış komplekslərinin inşası MTK-lara sərf eləmir:

“Çünki, kütləvi söküntünü dövlət yox, MTK-lar apardığından bütün yeni infrastrukturun yaradılması da şirkətlərin boynuna düşür. Yolların, kommunikasiya xətlərinin çəkilməsi, məktəblərin, bağçaların, səhiyyə və digər sosial obyektlərin inşası da iş adamlarının üzərində qalır. Ona görə də MTK-lara sərf eləmir ki, kompleks inşa eləsinlər. Onlar daha çox tək-tək yaşayış binaların inşasına üstünlük verirlər”.

Ekspertin də fikirlərindən də aydın olur ki, yuxarıda adını çəkdiyimiz yaşayış massivləri hələ uzun müddət Bakının qoynunda rahatlıqla uyuyacaq. Nəticədə, ada-budda tikilən çoxmənzilli binalar şəhərdəki tıxacı bir az da artıracaq, infrastrukturu daha da iflic edəcək. 
Çıxış yolu isə bu məsələyə dövlətin müdaxiləsidir. Dövlətin bu məsələyə müdaxiləsininsə iki yolu var.

Birincisi, bütün söküntü işlərini və yaxud ən azından infrastrukturun yaradılmasını dövlət öz üzərinə götürməlidir. 

İkincisi, iş adamlarına dövlət tərəfindən stimullaşdırıcı dəstək verilməlidir.

Üçüncü yol isə çox təəssüf ki, yoxdur. Bu iki yoldan biri nə qədər tez seçilsə paytaxtımız daha da gözəlləşər, tıxac azalar, əhalinin sosial vəziyyəti daha da yaxşılaşar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin