ŞƏHİD ATASI: “Evdən çıxanda gözümə baxdı dedi, ata, gəl, bu dəfə görüşməyək”

Hazırda oxunan: ŞƏHİD ATASI: “Evdən çıxanda gözümə baxdı dedi, ata, gəl, bu dəfə görüşməyək”

106953

“Şəhid olubdu deyə demirəm, uşaqlarımın hamısından fərqli idi. Ən böyük arzum son beşik balamın toyunu görmək idi. O vətəni bizdən çox sevdi, o yolu özü seçdi” – deyir şəhid Mirrəhimin anası Təzəgül İsmayılova.

Təzəgül ananın igid balası Mirrəhim Mirmehdi oğlu İsmayılov 2 sentyabr 1996-cı ildə Ağdamın Çəmənli kəndində doğulub. 2013-cu ildə doğuldu kənddə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Sərhədçi əsgər kimi xidmət edən Mirrəhim 2015-ci ildə xidmətini başa vuraraq ailəsinin yanına dönüb. Ana deyir ki, evin sonbeşiyi olmağına baxmayaraq atası ilə çox yaxın dost idilər:
“Xidmətdən sonra rayonda işləməyə başladı. O qədər ailəcanlıydı ki, hər qapıdan çölə çıxanda evin ehtiyacların soruşurdu. Axşam gələndə də həmçinin. Atası ilə elə yaxın dost idilər ki, elə bil tay-tuş idilər. Vətəni, Dövləti çox sevirdi...”- Təzəgül ana bildirir.      

Mirrəhim xeyli müddət rayonda fotoqraf kimi fəaliyyət göstərib. İşinin mahiri olduğu üçün bu sahədə yaxşı tanınıb. Onun lentə aldığı kadrlar yüzlərlə ailənin yadda qalan anı kimi bəzəkli çərçivələrdə divarlardan asılıb.

Həmin şəkillərin müəllifinin şəhid olmasından sonra isə daha da əzizləşib, müqəddəsləşiblər. Axı o anı igid şəhidin gözləri görüb - barmaqları dondurub, əlləri ilə çərçivədə hədiyyə edib ailələrə... 

Atası Mirmehdi əmi kəndin ən mülayim və ünisiyyətcil adamlarından biri kimi tanınır. Mirmehdi kişi deyir ki, oğlunun qoçaqlığına söz ola bilməzdi:

“2020-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qatıldı. Deyirdi ki, torpaqlar işğaldan azad edildikdən sonra ordu sıralarından çıxıb polis orqanında xidmət edəcəm. Açığı onun bizdən ayrı qalmasına razı deyildik. Ancaq onun qərarına da hörmət etdik. Sevdiyi ana Vətəninə qovuşdu. Vətən sağ olsun!” – deyir, Mirmehdi İsmayılov.

Mirrəhim İsmayılov xidmət etdiyi hərbi hissənin tərkibində Vətən müharibəsinə elə müharibənin ilk dəqiqələrindən qoşulur.
Talış və Suqovuşan istiqamətində aparılan hərbi əməliyyatlar zamanı, Goranboy rayonunun Tapqaraqoyun kəndi yaxınlığında yerləşən Kəhrilər xarabalığı yaxınlığında aldığı qəlpə yarasından şəhid olur. Ancaq bir müddət onun və digər şəhid olan silahdaşlarının nəəşini çıxarmaq mümkün olmur.

Bütün bunlardan ata xəbər tutsa da bir neçə gün evdə oğlunun ölümünü anasından gizlətməyi bacarır:

“Sonuncu dəfə sentyabr ayının 25-i günü gəlib 26-sı qayıtdı. Qapıdan çıxanda gözlərimin içinə baxıb, ata gəl görüşməyək, dedi. Elə bil ürəyinə nəsə dammışdı. Getdi... sonra müharibə başladı. Hər dəfə telefonla danışanda mənə ürək-dirək verirdi ki, narahat olmayım. Oktyabrın 2-də şəhid oldu. Nəəşinin çıxarılması mümkün olmadığına görə bu xəbəri anasından gizlətdim. Bu bir başqa dərddir, heç kimə arzulamıram”, - deyə bildirir Mirmehdi İsmayılov. 

Şəhid anası baş verənlərdən ancaq şəhidin gətirildiyi günün axşamı xəbər tutur. 27 noyabr 2020-ci il. Mirrəhim İsmayılov həmin tarixdə Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanında torpağa tapşırılıb. 
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mirrəhim İsmayılov ölümündən sonra "Vətən uğrunda", Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Cəsur döyüşçü" , Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Subay olan Mirrəhimin ən böyük arzusu azad edilmiş ərazilərdə polis əməkdaşı kimi vətənə xidməti davam etdirmək olub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin