Şəhid bacısı qardaşının adını daşıyan məktəbə rəhbərlik edəcək – FOTO

Hazırda oxunan: Şəhid bacısı qardaşının adını daşıyan məktəbə rəhbərlik edəcək – FOTO

106835

“Bu gün həyatımın ən yadda qalan, unudulmaz, mənim üçün tarixə dönəcək bir günü oldu. Şəhid qardaşımın təhsil aldığı və adını daşıdığı məktəbə uğurla, bütün mərhələlərdən keçərək direktor təyin olunduğum gün çox yadda qalan, gözəl bir tədbirə təsadüf etdi”.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu fikirlər Zaqatala şəhəri 1 nömrəli şəhid Zəfər Murtuzəliyev adına məktəbə direktor təyin edilən Mehparə Murtuzəliyevaya məxsusdur.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev ötən gün şəhidin bacısının həmin məktəbə direktor təyin olunması haqda əmr imzalayıb.    

“Tərəqqi” medallı Mehparə Murtuzəliyeva özü və qardaşı da həmin təhsil ocağının yetirməsidir. Adından da göründüyü kimi 1 nömrəli məktəb Zaqatalanın öncül təhsil mərkəzlərindən biridir. Əsasən beynəlmiləl məktəb kimi bir çox uğurlara imza atıb.
Ötən gün isə bu təhsil ocağında STEAM  layihəsi fəaliyyətə başlayıb. Mərkəzdə yaradılmış imkanlardan Zaqatala ilə yanaşı Balakən məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcək. 

“Azərbaycan Bayrağı” ordenli Zəfər Murtuzəliyev birinci Qarabağ döyüşlərinin ilk könüllülərindən biri olub. Həmin illər min nəfərdən artıq zaqatalalı gənc erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə yollanıb. Döyüşlərdə 200 gənc qəhrəmancasına şəhid olub ki, onlardan da biri Zəfər Murtuzəliyevdir.

Bizim.Media-nın əməkdaşı ilə söhbətində Mehparə Murtuzəliyeva göstərilən etimadı layiqincə doğruldacağına, şəhid ailə üzvlərinin, qazi övladlarının təlim-tərbiyəsinə, təhsilinə daha diqqətlə yanaşacağını, onların gələcək karyeralarında uğur qazanması üçün bütün müəllim kollektivi ilə birgə çalışacaqlarını qeyd edib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin