Mərkəzi Elmi Kitabxananın (MEK) ümumi iclası keçirilib.
Tədbiri kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq MEK-in əməkdaşlarını AMEA-nın 70 illik yubileyi münasibətilə təbrik edən Leyla İmanov AMEA-nın yubileyə həsr olunmuş ümumi yığıncaqda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını xatırladıb. Ölkə başçısı İlham Əliyevin ölkənin ümumi inkişafında alimlərin və elmin rolunun əhəmiyyətindən danışdığını deyən L.İmanova bu mənada bilavasitə Akademiyanın elmi müəssisələri qarşısında bir sıra mühüm vəzifələrin durduğunu qeyd edib. L.İmanova bildirib ki, bu da öz növbəsində MEK-in qarşısına hazırda icrasına başladığı layihələrin sürətləndirilməsi, effektivliyinin artırılması və elmin müxtəlif sahələrinə tətbiq olunması məqsədini qoyur. O, xüsusi olaraq İnformasiya Resursları Mərkəzində hazırlanan vahid idarəetmə proqramını və proqramın ilkin mərhələlərdə AMEA-nın elmi müəssisələrində, sonra isə tərəfdaş kitabxana və digər müəssisələrdə istifadəsini vurğrlayıb.
Ölkə prezidenti çıxışında dünya miqyasında müşahidə olunan inkişafın müsbət istiqamətdə getmədiyindən, yeni təhlükə və qarşıdurmaların yaranmasından, bu şəraitdə hər bir ölkənin daxili resurslardan istifadə etmək məcburiyyətindən, özünün yeni iqtisadi modelini qurması və iqtisadi islahatlar aparmasının vacibliyindən danışıb.
L.İmanova bildirib ki, büdcə təşkilatı kimi MEK də öz növbəsində ixtiyarında olan resursların daha da səmərəli və qənaətli istifadəsini ön plana çəkir.
Çıxışında həmçinin demoqrafik situasiyanın tələb etdiyi iş yerlərinin sayının artırılması üçün xarici investisiyanın tələb edildiyi vurğulanıb. L.İmanova bu tələblə bağlı MEK-in hazırda əlavə investisiya cəlb edə biləcək layihələr üzərində çalışdığını və yeni iş yerləri planlaşdırdığını qeyd edib.
Ölkə prezidentinin çıxışında Azərbaycan dilinə yad kəlmələrin gətirilməsinin yolverilməzliyi, o cümlədən Azərbaycanın bütövlüyü və Qarabağ həqiqətlərinin toplanılıb dünyaya çatıdırlması məsələsi də xüsusi vurğulanıb.
Bununla bağlı fikir bildirən L.İmanova MEK-in hələ 2014-cü ilin yanvar ayından başlayaraq həyata keçirdiyi “Milli rəqəmsal yaddaş”x9d layihəsinin növbəti mərhələdə həyata keçirilməsi üçün tələb olunan texniki təchizat imkanlarınının gücləndirilməsi istiqamətində hazırda müzkirələrin aparıldığını qeyd edib.
Sonra MEK rəhbəri kitabxananın fəaliyyətindəki son yeniliklərdən danışıb. Bildirib ki, kitabxana fondlarının əsas binadan yeni binaya köçürülmə prosesindən sonra Mərkəzi Elmi Kitabxana istifadəçilər üçün xidmətə hazırlanıb və bu ilin sentyabrında oxucuların istifadəsinə verilib. Həmçinin elmi təşkilatın yeni nizamnaməsi və strukturu təsdiq olunub. Kitabxana ilə yanaşı İnformasiya Resursları Mərkəzinin də fəaliyyəti uğurla davam etdirilir.
İclasda L.İmanova ötən müddət ərzində respublikanın tarixi hadisələrinə və əlamətdar günlərinə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin, yazıçıların yubileylərinə həsr olunmuş tədbirlərin, kitab sərgilərinin təşkili işində MEK-in fəaliyyəti barədə məlumat verib.
Sonra iclasda MEK-in İnformasiya Texnologiyalarının hazırlanması və tətbiqi şöbəsinin müdiri Anar Talıbov, Proqramçılar bölməsinin rəhbəri Nərmin Xasaylı, Fondların formalaşdırılması və Milli Rəqəmsal Yaddaş bölməsinin rəhbəri Şərafət İsmayılova, Komplektləşdirmə və sistemləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova, Fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova, Oxucu və istifadəçilərə xidmət bölməsinin rəhbəri Sevil Məmmədova, Kataloqlaşdırma bölməsinin rəhbəri Xuraman Cəfərova, Beynəlxalq əlaqələr bölməsinin rəhbəri Elmir Mehdiyev, İctimai Səhiyyə bölməsinin rəhbəri Gülruba Aslanova və İnzibati işçlər üzrə direktor müavini İbad Əliyev ötən müddətdə ərzində adıçəkilən şöbə və bölmələrin fəaliyyətlərinə dair hesabatla çıxış edib.
Daha sonra MEK-in Həmkarlar təşkilatının sədri Firəngiz Dadaşova təşkilatın fəaliyyətinə dair çıxış edib. Kitabxananın bir sıra mühüm proqram və tədbirlərinin həyata keçirilməsində təşkilatın yaxından iştirak etdiyini bildirən sədr kitabxana əməkdaşlarının sosial problemləri ilə bağlı məsələlərin həlli istiqamətində də mühüm işlərin görüldüyünü vurğulayıb. Firəngiz Dadaşova vəzifə səlahiyyətlərini icra etmək üçün öz yerinə namizədlər tövsiyə edib. Açıq səsvermə nəticəsində Nazilə Həsənova komitəyə sədr seçilib.
Daha sonra tədbirdə icra edilmiş tapşırıqlar və həyata keçirilmiş təşəbbüslərə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.





























































































