“Azərbaycan Texniki Univerisitetində oxuyurdu. Üçüncü kursda idi. Bir gün gəlib dedi ki, ata, mən təhsilimi dayandırıb hərbi xidmətə getmək istəyirəm. Öncə razı olmadığımızı, təhsilini bitirib sonra getməsini təklif etdik. Razı olmadı... Bir gün məni çağırıb Turalın xidmətə yollanmasına görə imza atmağımı dedilər. Heç nə deyə bilmədim. Getdi... Xidmətini xüsusi təyinatlı qüvvələrdə edirdi.
Onlar təlimlər keçən vaxt cəbhədə vəziyyət gərgin idi. Ona görə də uşaqların hamısı müharibəyə kökləniblər. Elə orada əsgər yoldaşları ilə söhbət edərkən atamgilə deyərsiz şəhid olsam məni dayımın yanında dəfn etsinlər deyibmiş”, deyir, Rafael Xuduyev.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Rafael kişi Ağdam rayonunun Abdal kəndində doğulub.
Bu ailə də, müharibənin ağrı-acılarını hələ 1990-ci illərdən yaşayıb. Belə ki, onun qardaşı Xudu Mustafa oğlu Xuduyev və dayısı oğlu Aydın Xanqulu oğlu Allahverdiyev Azərbaycan ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlərdə 1992-ci il, Abdal kəndi istiqamətində şəhid olub.
Rayon ərazisinin işğal altına düşməsi Xuduyevlər ailəsini köçkünlük həyatı yaşamağa vadar edib. Onun oğlu Tural isə 1998-ci il noyabrın 27-də Bakı şəhərində doğulub. 2005-2016-cı illərdə Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə təhsil alıb.
2016-cı ildə Azərbaycan Texniki Universitetinin "Nəqliyyat və logistika" fakültəsinə qəbul olub. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Tural Vətən Müharibəsinə xüsusi təyinatlı kimi qoşularaq Füzulidən Şuşaya qədər döyüş yolu keçir.
Şuşada isə...
“Şuşa azad edildikdən sonra döyüş yoldaşları ilə şəhər ərazisində yemək üçün süfrə qurublar. Həmin vaxt yeni gələnlərdən kimsə yaxında su borusunun yırtıldığını və oradan su sızdığını deyiblər. Tural da uşaqlara, siz süfrəni qurun mən də, su götürüb gələcəm deyib. Elə orada da düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində aldığı ağır qəlpə yaralarından şəhid olub. Əmisi də, eyni silahın mərmisindən aldığı yaralar səbəbindən şəhid olmuşdu” – deyə şəhid Atası Rafael Xuduyev bildirib.
Torpaqların azadlığı uğrunda canını qurban verən şəhid Turalın vəsiyyəti isə ailənin məsləhətləşmələrindən sonra yerinə yetirilmir. Buna səbəb kimi həmin vaxt Ağdam rayonu ərazisində yeni şəhidlər xiyabanının salınması və şəhidlərin orada dəfn edilməsi olur:
“Onun vəsiyyətini yoldaşları bizə deyəndə anası ilə xeyli məsləhətləşdik. Bilirsiniz, biz onu silahdaşlarının cərgəsindən ayrı qoya bilməzdik. Bu, yolu özü seçmişdi. Evin tək oğlu olduğu halda könüllü olaraq döyüşə getmişdi. Bəlkə də onun ruhu buna görə şad oldu”, - deyir Rafael Xuduyev.
Bu gün igid Turalın silahdaşları, şəhid ailəsi üzvləri, qazilər, rayon ictimayyətinin nümayəndələri və sakinlər onun anım gününə toplaşıb. Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanı ziyarət edilib, şəhidin əziz xatirəsinə sayqı duruşuna dayanıb hər kəs...
Şəhidin doyüş yolundan söhbət açılıb, Vətən fədailərinə ehtiram ifadə edilib.
Xatırladaq ki, xidmətinin bitməsinə dörd gün qalmış döyüşə girən Tural Rafael oğlu Xuduyev noyabrın 8-də Şuşa şəhərində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tural Xudiyev ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailənin tək oğul övladı olan Tural subay idi. Ailədə bir bacı bir qardaş olublar.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:58 / 26.11.2022
“Şəhid olsam məni dayımın yanında dəfn etsinlər” – Üç medallı Turalın ürəkdağlayan sözləri
Hazırda oxunan: “Şəhid olsam məni dayımın yanında dəfn etsinlər” – Üç medallı Turalın ürəkdağlayan sözləri
Hazırda oxunan: “Şəhid olsam məni dayımın yanında dəfn etsinlər” – Üç medallı Turalın ürəkdağlayan sözləri
106496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.