“Şagirdlərin yoluxma statistikasına inanmıram” – Həkimdən nazirliyə ETİRAZ

Hazırda oxunan: “Şagirdlərin yoluxma statistikasına inanmıram” – Həkimdən nazirliyə ETİRAZ

10629

3 gündür qismən ənənəvi tədris qaydasına keçən məktəblərdə koronavirusa yoluxma xəbərləri gəlir.

Təhsil Nazirliyindən fevralın 1-nə olan məlumata görə hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 5 nəfər olub, eyni hərarət göstəricisi işçi heyət arasında da qeydə alınıb.

Virusa yoluxmuş şagirdlərin sayı 4, işçi heyətin sayı isə 1 nəfər olub. Nazirlik ötən gün üçün yoluxma statistikasını hələki açıqlamayıb.

Bundan əlavə Bakı məktəblərindən birində sinfin 35 şagirdindən 5-i məktəbə gəlib. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə isə övladları təhsil alan valideynlər uşaqlarını virusa yoluxmaq təhlükəsi səbəbindən təhsil ocağına göndərməkdən imtina edib.

Məktəblərdə yoluxma valideynləri ciddi narahat etməyə başlayıb və övladlarını təhsil ocağına göndərmək istəməyənlərin sayında artım müşahidə olunmağa başlayıb.

Tanınmış pediatr Vaqif Qarayev Bizim-Media-ya açıqlamasında Təhsil Nazirliyinin şagirdlər arasında virusa yoluxma ilə bağlı açıqladığı statistikaya inanmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Dörd şagird koronavirusa yoluxdu - RƏSMİ


“Uşaqlar hələ yeni “Bismillah” edib məktəbə gediblər. Nə tez yoluxdular? Mən bu rəqəmlərə inanmaq istəmirəm. Onu niyə yazırlar, anlamıram. Amma həkim və valideyn kimi məktəblərin açılmasının əleyhinəyəm.

Digər tərəfdən də 1 il ərzində uşaqları evə qapatmaq düzgün deyil. Böyüyən orqanizmdir, şagirdlər hərəkətdə olmalıdır və məktəbin öz aurası var. Fiziki baxımdan bu, çox vacibdir. Həm də məktəbdə təhsilin yerini heç nə verə bilməz.


Məktəblərin açılmasının əleyhinə olmağımın səbəbi vaksinasiyanın başlanmasıdır. Sərt karantin rejimində vaksinasiya başlayırsa, real nəticə olur və yoluxma sayı kifayət qədər azalır. O zaman qaydaları yumşaltmaq və məktəbləri açmaq olardı. Təbii ki, qərarı mən vermirəm”.

Həkimin sözlərinə görə, bütün dünyada uşaqların yoluxması ilə bağlı həyəcan yaradacaq rəqəm və məlumatlar yoxdur:

“Təhlükəli hal oldur ki, koronavirusu simptomsuz keçirən uşaq böyükləri yoluxdura bilir. Məsələnin təhlükəli tərəfi budur. İndi biz neyləyək? Məktəblər bağlı olanda, bütün ictimaiyyət hökumətin üzərinə düşmüşdü ki, tədris ənənəvi olsun. Amma bizim məktəblərdə fiziki baxımdan kiçik qrupların açılması mümkün deyil.
 

Nazir bütün siniflərdə şagird sayı ilə bağlı normativin mövcud olduğunu desə də, real mənzərə başqadır. İbtidai siniflərin hər birində 30-40 şagird oxuyur. Bu say normativdən kifayət qədər yuxarıdır. Bu sayda olan şagirdləri qruplara bölmək imkansızdır.


Çünki o qədər sinif sayı yoxdur və müəlimlər də bunu çatdıra bilməz. Bu şərait olsaydı, valideynlər övladlarını məktəbə göndərməyə ikiəlli “hə” deyərdilər, amma bu qaydanı tətbiq edə bilməyəcəklər.

Əslində Təhsil naziri də bu məsələdə çarəsiz qalıb. Axı virus idarəolunmazdır və gələcək proqnozu vermək çox çətindir. Bu baxımdan konkret hansı addımların atılmasını söyləmək çox çətindir”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin