Bizim.Media-a olaraq 44 günlük Vətən müharibəsində operativ reportajlar hazırlayan, məqalələr yazan, video çəkilişlər edən media nümayəndələri ilə söhbətimizi davam etdiririk.
Bu dəfəki qonağımız 13 ildir AZƏRTAC-ın Qarabağ üzrə bölgə müxbiri kimi çalışan Tahir Ağaməmmədovdur.
MÖVZU İLƏ BAĞLI:
Jurnalist cəbhəsi: 49 yaşında döyüşən jurnalist – İlham Tumas
Əslən Ağdam rayonundan olan jurnalist lk olaraq Ağdamlı xatirələrindən danışdı:
- Ağdam rayonunun Qaradağlı kəndində doğulub böyümüşəm. Babamgilin evi isə Ağdam şəhərində idi. İşğaldan əvvəl uşaqlığımın çoxu orada keçib. Xüsusən yay tətili günlərində Ağdam şəhərində gəzmədiyimiz küçə, park qalmırdı.
Yaddaşımda dərin iz buraxmış ən yaddaqalan xatirələrdən biri isə Ağdam şəhərindəki İmarət stadionunda keçirilən "Xarı bülbül" festivalıdır. Mübaliğəsiz deyə bilərəm ki, bu festival mənim həyatda gördüyüm ən möhtəşəm tədbir idi.
- 44 günlük müharibə dövründə ön sıralardaydınız. Torpaqlarımız uğrunda gedən döyüşlərdə ən başlıca olan hiss hansı idi?
- 44 günlük müharibənin təəssüratlarını bir neçə cümlə ilə təsvir etmək mümkün deyil. Düşmənin intensiv artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindəki dağıntılar, yanğınlar və insan faciələri. Bütün bunların fonunda isə evini və yaxınlarını itirsə də, torpağını tərk etməyən və "Hər şey Vətənə qurban", "Təki torpaqlarımız azad olunsun" deyən vətəndaşları gördüm.
Əhalidə ruh yüksəkliyi, ordumuza, Ali Baş Komandana və qələbəyə böyük inam var idi. Bu çox vacib hiss idi... O günər həm də bir tarix dərsi, qəhrəmanlıq səlnaməsidir.
Bu müharibə hər bir azərbaycanlıya, o cümlədən mənə bir daha mətin bir xalqın və qüdrətli bir dövlətin vətəndaşı olduğumuzu, Vətən torpağına daha sıx sarılmağı və daha ayıq-sayıq olmağı öyrətdi.
- Müharibə dövründə qorxu hissiniz və undulmayan xatirələriniz oldumu?
- Əslində müharibənin hər anı təhlükələrlə doludur və sən bu təhlükələrin içində ölüm saçan mərmilərə nə vaxt, harada tuş gələcəyini bilmədən, çox vaxt özünü unudub riskə gedərək öz peşə fəaliyyətini yerinə yetirməli olursan. Həmin dövr çox çətin, təhlükəli şəraitdə işləyirdik. Lakin qorxmurduq, yorulmurduq.
Vətən müharibəsində informasiya cəbhəsinin əsgərləri kimi biz də savaşırdıq. Yaddaqalan xoş xatirələr də var. Məsələn, media nümayəndələri ilə birlikdə artilleriya atəşi altında samovar qalayıb, çay içməyimiz heç vaxt yadımdan çıxmaz.
İlk dəfə işğaldan azad edilmiş torpağa ayağımı basanda gördüm ki, insan yeri ilə yurdu ilə nə qədər güclüdür, bunu ifadə etmək çətindir. Heç vaxt unutmayacağım və qürur duyacağım xatirələrdir.
Gülşanə Mustafayeva, Bizim.Media