Bakıda sərnişindaşımada istifadə edilən avtobusların parkı yenilənsə də, bunu bölgələrdə sərnişindaşımaya şamil etmək olmaz. Rayon və şəhərlərimizin sərnişinləri hələ də kiçiktutumlu mikroavtobuslarla daşınır. Hətta kəndlərə sərnişin daşıyan avtobuslar sovet dövründən qalma köhnə PAZ avtobuslarıdır.
Həqiqətən də, bölgələrarası avtobus parklarının yenilənməsinə ehtiyac var. Konkret olaraq, Mingəçevir-Oğuz istiqamətində hərəkət edən avtobusların sərnişindaşıma tələblərinə uyğun və istismara yararlı olmadığı bildirilir.
Bizim.Media-ya şikayətlənən Mingəçevir sərnişinləri uzun müddətdir həmin istiqamətdə fəaliyyət göstərən marşrutların bərbad vəziyyətindən və xidmətsizliyindən gileyləniblər.
MÖVZU İLƏ BAĞLI:
Avtovağzaldan kənar QAÇAQ AVTOBUSLAR kimin cibinə işləyir? – ARAŞDIRMA
Dediklərinə görə, köhnə və sayı az olan bu avtobusların intervalında da ciddi problem var.
Maraqlıdır, sözügedən avtobusların yenilənməsi nəzərdə tutulurmu?
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov Bizim.Media-ya sözügedən istiqamətdə hərəkət edən avtobusların vəziyyətinin qənaətbəxş olduğunu deyib:
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzində saxlanılır. Hazırda Mingəçevir-Oğuz istiqamətində 2 daşıyıcı sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Bu istiqamətdə gündəlik olaraq 8 reys həyata keçirilir. Daşıyıcılardan birinin avtobusları nisbətən yenidir. Digər daşıyıcının avtobuslarının istismar müddəti çox olsa da, vəziyyətləri qənaətbəxşdir”.
Tural Orucov onu da əlavə edib ki, AYNA tərəfindən marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir:
“Sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə müsabiqə həyata keçirilir. Bu barədə KİV-də elanlar verilir. Marşrutların təhkim edilməsində şəffaflıq təmin edilir və daşıyıcılar təşfiq edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”.
Alçina Amilqızı, Bizim.Media