Şəki şəhər 17 nömrəli tam orta məktəbdə bu təhsil ocağının məzunu, şəhid Fərid İzzətliyə həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosu məlumat verir ki, “Cənab leytenant” filminin rejissor və ssenari müəllifi Elvin Nüsrətoğlu, operatoru isə Cavad Mustafazadədir.
Təqdimatda şəhid Fərid İzzətlinin ailəsi, şəhid anaları, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Şəki Təhsil Sektorunun nümayəndələri iştirak edib.
Mərasimdən əvvəl məktəbin 4-cü sinif şagirdləri şəhid anaları qarşısında vətənpərvər şeirlər söyləyib, onların qəhrəman oğullarının unudulmadığı, tarix boyu qəlblərdə yaşayacağı diqqətə çatdırılıb.
Filmin nümayişindən sonra çıxış edənlər leytenant Fərid İzzətlinin simasında bütün Azərbaycan əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti qəhrəmanlıq dastanı adlandırıb.
Məktəbin direktoru Gülnarə Nəsibova şəhid məzunları ilə qürur duyduqlarını, onun həyat və döyüş yolunu bütün gənc nəslə örnək göstərdiklərini iştirakçıların diqqətinə çatdırıb.
O da qeyd olunub ki, məktəbdə şəhid leytenantın xatirə lövhəsi təşkil olunub, siniflərdən biri onun adını daşıyır, həmçinin digər şəhidlər haqda da məlumatlar yer alır.
Daha sonra şəhid anaları məktəbdə şəhidlərin xatirəsinə təşkil edilən siniflərə baş çəkib, məlumat lövhələri ilə tanış olublar.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu