“Azərbaycan elminin yaşlı insanlarla yox, gənclərlə bağlı problemi var” – NAZİR

Hazırda oxunan: “Azərbaycan elminin yaşlı insanlarla yox, gənclərlə bağlı problemi var” – NAZİR

105921

Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransının (NASCO XXV) açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Konfransda giriş nitqi ilə çıxış edən təşkilat komitəsinin sədr müavini, Təhsil İnsitututunun direktoru Rüfət Əzizov tədbirlə bağlı hesabat təqdim edib.

O bildirib ki, konfransda iştirak edən doktorantlar arasında qadınlar üstünlük təşkil edir: 

“İştirak edənlərin sadəcə 30 %-i kişilərdən,70% isə qadınlardan ibarətdir. Ümid edirik ki, gələcəkdə bu gender bərabərsizliyinin tənzimlənməsinə nail olunacaq”. 

Elm və Təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Eyni zamanda ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sahəsində gənc alimlərin inkişafı üçün şərait yaradılmasının üstünlüyündən danışıb. 

Nazir çıxışı zamanı elmin bəlli bir əxlaqı və o əxlaq qaydalarına tabe olmaq lazım olduğunu vurğulayıb:  

“Əgər bizim gənc tədqiqatçılarımız arasında elmi işləri plagiat olanlar varsa, bu o deməkdir ki, bizim bu istiqamətdə ciddi problemlərimiz var, çox iş görməliyik. Azərbaycan elminin yaşlı insanlarla yox, gənclərlə bağlı problemi var. Yaşlı elm adamları həyatlarının müəyyən dövründə, qarışıq zamanda elm üçün ən azından nəsə ediblər. Amma gənclər elmin gələcəyidir. Məktəb proqramını yaxşı bilməyən, qiymətləri yaxşı olmayan gənclərin elmə gəlməyi problem deyil, amma bu göstərici yüksək olarsa, artıq ciddi problemə yol açar. Biz qəbul ballarına baxanda ürəkaçan nəticələr görmürük. Ona görə də bacarıqlı, istedadlı gəncləri elmə cəlb etməyə çalışmalıyıq". 

Konfransda daha sonra Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə süni zəka üzrə yeni qanunvericilik, qlobal trendlər, doktorantura və akademik laboratoriyalarda təcrübə haqqında çıxış edib. 

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı Könül Qəhrəmanova da öz növbəsində “Azərbaycanda kimya elmi: dünəni, bugünü və gələcək inkişaf perspektivləri” mövzusunda məruzə edib.   

Konfransa ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb. 

Çıxışlardan sonra elmi konfrans panellər və bölmə iclasları ilə davam etdirilib. 

Qeyd edək ki, konfrans noyabrın 24-də öz işini davam etdirəcək. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin