Düyü gömrük rüsumundan azad edilir – Bəs, qiymət niyə UCUZLAŞMIR?

Hazırda oxunan: Düyü gömrük rüsumundan azad edilir – Bəs, qiymət niyə UCUZLAŞMIR?

105852

Xəbər verdiyimiz kimi, noyabrın 22-də Nazirlər Kabineti Pakistan İslam Respublikasından idxal edilən düyünün gömrük rüsumundan azad edilməsi ilə bağlı qərar qəbul edib. 

Qərarın qəbulu, ölkəmizdə bu məhsulun qiymətindəki artımlar fonunda daha çox diqqət çəkib. Belə ki, Pakistandan ölkəmizə idxal olunan düyünün gömrük rüsumundan azad edilməsi, bu məhsulun qiymətində müəyyən azalmaların olması ehtimalını yaradıb.

Lakin araşdırmamıza görə, Pakistan Azərbaycanın düyü idxal etdiyi ölkələr siyahısında dördüncü pillədə qərarlaşıb. 2021-ci ilin statistikasına görə, ölkəmizə gətirilən düyünün cəmi 4,8%-i Pakistanın payına düşüb. 
Bu siyahının ilk üç pilləsini isə müvafiq olaraq, 64,6%-lə Hindistan, 15,0%-lə Qazaxıstan, 13,4%-lə Rusiya tutur.

Onu da qeyd edək ki, ölkə üzrə düyüyə olan tələbatın yalnız 20%-ə qədəri daxili istehsal hesabına ödənilir. Maraqlı məqamsa bundan ibarətdir ki, Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" qəbul olunub. Dövlət Proqramında 2025-ci ildə orta məhsuldarlıq hektardan 40 sentner olmaqla çəltik əkinlərini 10 min hektara, istehsalın həcmini 40 min tona çatdırmaq nəzərdə tutulub.

2021-ci ilin rəsmi statistikasına görə isə Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. Hər hektar üçün məhsuldarlıq orta hesabla 34,8 sentner, ümumi istehsalın həcmi isə 10,7 min ton olub.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, Pakistandan idxalın azlığı səbəbindən düyü qiymətlərinə ciddi təsirin olacağı proqnozlaşdırılmır:
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan düyüləri ilə bağlı YENİLİK – RƏSMİ  


“Bu il Pakistandan idxal maksimum 6%-ə çata bilər ki, bundan daha artığı ehtimal olunmur.

Gömrük rüsumundan azad olunan düyü bazarımızda çox kiçik paya malikdir. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, zənnimcə, bu sahədə də inhisarçılıq var. Bu səbəbdən, hökumətin bazarda qiymətlərin aşağı salınması cəhdləri nəticə vermir. 

Məsələn, bu ilin yayında idxal olunan yemin ƏDV-dən azad edilidi. Qeyd olunurdu ki, bu ətin qiymətinin azalmasına səbəb olacaq. Lakin həmin vaxtdan indiyədək ət qiymətlərində bir neçə dəfə artımlar olub. Bir sözlə, rəqabətin olmaması səbəbindən məhsulun maya dəyəri ucuzlaşsa belə, bu yalnız inhisarçının gəlirlərinin artması ilə nəticələnir və bazara ciddi təsir etmir”.

Ekspert daxili istehsalın artırılmasına mane olan səbəblərdən də danışıb:

“İstehsalın genişlənməsinə mane olan tək faktor inhisarçılıq deyil. Əhalimiz 10 milyon nəfərdən çoxdur və bu qədər əhalinin tələbatını ödəməsi hədəflənən kənd təsərrüfatına bu il cəmi 997 milyon manat vəsait ayrılıb. Gələn il bu rəqəm 1,2 milyard manata çatdırılacaq. Bu vəsait əhalinin sayına adekvat deyil. Kənd təsərrüfatı nisbətən az inhisarçılığa uğrayıb. Bu sahəyə qoyulan vəsait isə olduqca azdır. Əslində kənd təsərrüfatına illik 5-6 milyard manat vəsait ayrılmalıdır”. 

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin