Məşhur MƏTBUAT KATİBLƏRİ – Onlar indi haradadır?

Hazırda oxunan: Məşhur MƏTBUAT KATİBLƏRİ – Onlar indi haradadır?

105843

Mətbuat elə bir sahədir ki, ora yalnız qələmi və yazmaq istedadı olan kəslər daxil ola bilir.

Amma bu istedada yazı yazmaq texnologiyalarını, incəliklərini əlavə edəndə həmin bacarıq iki qat, üç qat artır. Hətta mediaya sadə müxbir kimi gəlib nazirliklərə, dövlət idarələrinə mətbuat xidməti vəzifəsinə təyin olunanlar da az deyil. Bir sözlə, mətbuat katibləri təkcə jurnalistlər üçün deyil, həm də cəmiyyət üçün hər zaman maraqlı sima olublar. Xüsusən də bu institutun yarandığı ilk illərdə sözügedən vəzifəni daşıyanların işi xeyli gərgin olub. 

Bəs, bir zamanların tanınmış və bu gün də xatırlanan mətbuat katibləri kimlər idi?

Bizim.Media xatirələrdə qalan mətbuat xidməti rəhbərlərinin bir qisminin siyahısını hazırlayıb.

Həmin siyahını təqdim edirik:

1.Səlahəddin Quliyev 1994-cü ildən 2004-cü ilə qədər Azərbaycan Prezidentinin mətbuat katibinin müavini və daha sonra mətbuat katibi olub. O, məşhur “91-lər”dən biri idi. Uzun sürən xəstəlikdən sonra bu günlərdə vəfat edib.

2. Dövlət qurumlarında ən uzun müddət mətbuat katibi kimi rekord yazan Akif Əlidir (Məhərrəmli). O, 1994-cü ildən 2019-cu ilə kimi Nazirlər Kabinetinin mətbuat xidmətinə rəhbərlik edib. İşi ilə bağlı mətbuata çox açıq olmasa da yazıçı-publisist kimi çox aktiv olub. Akif Əli insanların yaddaşında iki hadisəyə görə daha çox qalıb. Birincisi “Tütək səsi” filmində oynadığı Tapdıq obrazı, ikincisi isə dünya şöhrətli alim Lütvi-zadə haqqında dediyi xoşagəlməz ifadəsi ilə. Hazırda elmi fəaliyyətlə məşğuldur.

3. Sadiq Gözəlov əvvəllər AzTV-nin Naxçıvan üzrə xüsusi müxbiri olub. 1995-ci ildən 2017-ci ilə qədər DİN-nin sözçüsü kimi əmək fəaliyyətini davam etdirib. Sadiq Gözəlov polis polkovniki rütbəsinə qədər yüksəlib. İşlədiyi müddətdə mətbuat işçiləri ilə isti münasibətinə görə seçilib. Vəzifəsindən getməsi isə DİN-də xidmət yaşı ilə bağlı olub. Hazırda istefadadır.

4. Əjdər Ol ƏƏSMN-nin Aparat rəhbəri vəzifəsinə qədər yüksəlsə də, lakin uzun müddət mətbuat katibi olub. O, 15 ilə yaxın Maliyyə Nazirliyinin sözçüsü olub. Mətbuat işçiləri ilə o qədər də isti münasibəti olmayıb. Hazırda isə həbsdədir.

5. Hüseyn Paşayev də uzun illər mətbuat katibi işləyib. YAP-ın 30 illik tarixində ən uzun ömürlü mətbuat katibi olub. 2021-ci ildə vəzifəsini itirən Hüseyn Paşayev hazırda MSK-nın üzü kimi əmək fəaliyyətini davam etdirir.

6. Ağacan Əhmədov da 10 ilə yaxın mətbuat katibi işləyib. O əvvəlcə Ticarət Nazirliyinin daha sonra isə İqtisadiyyat Nazirliyinin sözçüsü olub. Hazırda kommersiya ilə məşğuldur.

7. Məhərrəm Səfərli 20 ilə yaxın mətbuat xidmətinə rəhbərlik edib. O, bu vəzifəni AZAL-da daşıyıb. 2015-ci ildə vəzifəsindən gedib. Hazırda heç bir fəaliyyətlə məşğul olmadığı deyilir.

8. Tanrıverdi Mustafayev də 20 ilə yaxın müxtəlif qurumlarda mətbuat işçiləri ilə işləyib. Onun mətbuat katibi kimi ilk iş yeri “BARMEK” olub. Daha sonra yeni yaradılan “Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbərlik edib. Bir neçə il əvvəl “Azərişıq” ASC sədrinin müşaviri təyin edilib. İşlədiyi müddətdə jurnalistlərlə isti münasibəti ilə daha çox yadda qalıb. Hazırda işsizdir.

9.  Cavid Nəzərov da bir zamanların üzdə olan mətbuat katiblərindən olub. O, əvvəlcə Azərbaycan Dəmir Yolları QSC-də, daha sonra Nəqliyyat Nazirliyində mətbuatla işə rəhbərlik edib. Sonra uzun müddət Nəqliyyat Nazirliyinin aparat rəhbəri olub. Hazırda dövlət qurumlarının birində şöbə müdiri vəzifəsini daşıyır.

10. Kamran Əliyev də ən uzunömürlü mətbuat xidməti rəhbərlərindən biridir. O, 20 ildən artıq DİN Baş Dövlət Yol Polisi İdarəsində mətbuat katibi olub. 2018-ci ildə bu vəzifəsi ilə xudahafizləşən Kamran Əliyev əmək fəaliyyətini BDYP-də davam etdirir. Polis polkovnikidir. 

11. Vaqif Əsədov uzun illər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi- mətbuat katibi vəzivəsində çalışıb. Polis polkovniki Vaqif Əsədov bir neçə ay əvvəl təqaüdə çıxıb.

12. Şəlalə Həsənova 90-cı illərdən başlayaraq müxtəlif dövlət qurumlarında mətbuat xidmətinə rəhbərlik edib. Onun ilk sözçü kimi birinci iş yeri Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsi olub. Daha sonra Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində bu vəzifəni daşıyıb. Qurum ləğv edildikdən sonra əmək fəaliyyətini pedaqoji sahədə davam etdirir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin