Bir surəti Moderator.az-a göndərilən müraciəti təqdim edirik:
"Cənab Ali Baş Komandan , biz zabit və gizirlər 1993-cü ildən "Prişib batalyonu" kimi tanınan hərbi hissəsində xidmət etmişik. Ulu öndərimiz Heydır Əliyev cənablarının əmri ilə hərbi hissəmiz Beyləqan-Xocavənd istiqamətində Ermənistan hərbi birləşmələrinin hücumunun qarşısı alınaraq əks hücuma keçib onları 16 km geri çəkilməyə məcbur etmişik.
Ulu Öndərimiz Umummilli Liderimiz Heydər Əliyev o zaman televizya ilə çıxışında bizim bu uğurlu döyüş əməliyyatımızı xüsusi olaraq vurğuluyub və bizə dəyər vermişdir. Hətta bu döyüşdən sonra bizim şəxsi heyətlə şəxsən görüşüb davamlı döyüşlərə ruhlandırmışdı.
Cənab Ali Baş Komandan, biz zabit və gizirlər hərbi xidmətimizi başa vurduqdan sonra kimisi yaş həddi, kimisi xəstəliklə təqaüdə çıxmışıq.Yaşadığımız hərbi şəhərcikdə mənzillərimiz o zamankı komandirlərimiz tərəfindən bizə qanuni şəkildə verilibdir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq bizə kənarda yaşamaq üçün mənzillər verilməyibdir.
Hal-hazırkı komandanlıq gəldiyi gündən bizi yaşadığımız mənzillərdən çıxarmaqla təhdid edib. Onlara bizi çıxaracaqlarsa bu barədə rəsmi sənəd vermələrini tələb etdikdən sonra onlar möhür və imzası olmayan xəbərnamələr payladılar. Xəbərnamədə bizə 10 gün vaxt verildiyi və bu müddət ərzində çıxmasaq, məhkəməyə müraciət edəcəklərini yazmışdılar. Lakin 10 gün tamam olduqdan sonra isə dediklərinə görə Müdafiə Naziri Zakir Həsənovun əmriylə bizə zor tətbiq etməklə ailə və uşaqlarımızın gözü önündə şəhərciyin ərazisinən çıxardaraq yaşayış yerimizə buraxmadılar. Yalnız Cəlilabad rayon İcra hakimiyyətinin başçıs Əziz Əzizov hərbi hissəyə gəlib komandanlıqla danışıq apardıqdan sonra bizi mənzillərimizə buraxıblar. İcra hakimi gedəndən sonra yenidən yaxınlaşan komandanlq Müdafiə Nazirliyinin yenə də 10 gün vaxt verdiyini və bu müddətin tamamında əgər getməsək, əşyalarımızı çıxarıb çölə atacaqlarını dedilər. Komandanlıqdan bizə məsləhət görür ki, gedin Prezident Adminstrasiyasının qarşısında mitinq edin. Bu təşviqlər bizi şübhələndirir ki, yəqin bu da dövlətimizə qarşı bir təxibatdır və bizi də bunun bir parçasına çevirmək istəyirlər. Bu durum artıq xidmətdə olan ailələrində narazılığına və ruh düşkünlüklərinə səbəb olub. "Bu gündən bizə də var" deyib həvəssiz xidmətə çıxırlar.
Cənab Prezident, biz hər zaman ölkəmizə və Ali Baş Komandanımız kimi sizə sadiq insanlar olmuşuq. Bu gün də əmr etsəniz, biz silahlanıb yenidən döyüşə gedib şərəflə ölməyə hazır olan şəxslərik. Biz müharibə dövründə aylarla əmək haqqı almayıb ailələrimizin nə yediyini bilməsək də bu durumdan utanmamışdıq və onlar da bizdən bunun sorğu -sualını etməmişdir. Amma bu gün biz ailələrimizin qarşısında utanmaqla yanaşı həm də bizə qarşı bu hərkətlərin edilməsinin sualının cavabını verə bilmirik.
Sizdən xahiş edirik ki, müraciətimizi nəzərə alıb bizə kömək edəsiniz" .












































































































