"1 milyon manatı xidməti otağında verdim" - Səlim Müslümovun məhkəməsindən 

Hazırda oxunan: "1 milyon manatı xidməti otağında verdim" - Səlim Müslümovun məhkəməsindən 

105579

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Ehtiram Əhmədov ifadə verib. 

Ehtiram Əhmədov bildirib ki, "Sehrli Naftalan" sanatoriyasının əməkdaşı olub. Şahidin sözlərinə görə, müxtəlif vaxtlarda sanatoriyaya "putyofka"lar olub.

Onun  sözlərinə görə, hər "putyofka"dan isə müəyyən məbləğ "otkat" kimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verib:

"Sanatoriyanın rəhbəri Dilsuz Əzizov idi. Pulu mənə verirdi, mən də həmim pulu Şəlalə Cəfərovaya çatdırırdım. "Putyofka"lardan ümumilikdə 1 milyon manat "otkat" çatdırmışam". 

Digər şahid qismində ifadə verən Qoca Əmiraslanov isə deyib ki, "Möcüzəli Naftalan"nın rəhbəri Elşən Əmiraslanovun oğludur. Şahidin sözlərinə görə, atasının vəzifələrini faktiki olaraq icra edib. 

İttihama görə, istintaqın araşdırma apardığı dövrdə "putyofka" xərcləri üçün sanatoriyaya 3 milyon manat pul köçürülüb. Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə "otkat" kimi qaytarılıb. 

“Sanatoriyaya göndərişlər olurdu. Bir "putyofka" təxminən 600-700 manatlıq idi. Hər "putyofka" üçün 150 manat "otkat" verilib.

Həmin pulları isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun vasitəsi ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri  Şəlalə Cəfərovaya vermişik. Sonuncu dəfə isə 29 min 509 manat "otkat" verməli idik, sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qalıb" - deyə şahid ifadəsində qeyd edib. 

Kürdəmir rayonunda yerləşən sanatoriyada işləmiş Elçin Ağayev isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 ildə 204 min "otkat" verdiyini deyib.

Həmin pullar da "putyofka"lar üçün köçürülən vəsaitdən nağdlaşdırılıb. 

Şahid qismində ifadə verən Arif Məmmədov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Şöbəsinin Qax, Zaqatala və Balakən üzrə müfəttişi olub. Onun bildirdiyinə görə, ərazi üzrə müəssisələrdə yoxlama aparıblar. Bildirib ki, yoxlamalar zamanı nöqsanlar aşkarlandıqda akt tərtib ediblər. O məhkəmədə heç kimə rüşvət vermədiyini bildirib. 

Amma istintaqa verdiyi ifadəsində isə ərazi üzrə onlara nəzarət edən rəis müavini Anar Quliyevə 3 min 500 manat rüşvət verdiklərini qeyd edib.  

Arif Məmmədov isə bunu rüşvət qismində vermədiyini açıqlayıb: "Biz müəyyən tapşırıqları icra etmişik. Anar Quliyev rayona gəlib, ona qonaqlıq vermişik. Bu da il ərzində 3-4 dəfə olub. Ona rüşvət verməmişəm". 

Növbəti proses noyabrın 28-də davam edəcək. 

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Amma o, sonradan səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

İttihama görə, Səlim Müslümov rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.  

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin