Bakıda ailə FACİƏSİ: Gənc oğlan arvadının saçını kəsdi, sonra... - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda ailə FACİƏSİ: Gənc oğlan arvadının saçını kəsdi, sonra... - TƏFƏRRÜAT

105439

Bakının Xəzər rayonunda 1992-ci il təvəllüdlü Ramin Əliyev arvadı Arifəyə (adlar şərtidir – red.) işgəncə verib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il martın 27-də rayonun Binə qəsəbəsində baş verib. 

Ramin yaşadığı evdə həyat yoldaşı ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı onu döyüb. Daha sonra isə yanmış siqareti bədəninə basaraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Raminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Arifə ilə 2013-cü ildə ailə həyatı qurub. Onun sözlərinə görə, əvvəllər münasibətləri normal olsa da, son zamanlar aralarında ailə daxili söz-söhbətlər olub. 

Ramin qeyd edib ki, sonuncu dəfə martın 27-də, saat 14.00-da yaşadığı evdə olarkən Arifə ilə aralarında yenidən mübahisə yaranıb: 

“Mübahisə zamanı Arifə məni çox əsəbiləşdirdiyindən, əsəblərimi cilovlaya bilmədim. Əlim ilə Arifəyə bir neçə zərbə vurdum. Hətta qayçı ilə Arifənin saçını kəsdim və əlimdə olan siqareti onun sağ qoluna basdım”.

Təqsirləndirilən şəxs bildirib ki, sonradan etdiyi hərəkətə görə peşmançılıq keçirib və Arifədən üzr istəyib: 

“Onu öz avtomobilim ilə anasıgilə apardım. İlk dəfə törətdiyim əməlimdən peşman olaraq Arifə ilə barışmaq üçün dəfələrlə müraciət etmişəm, üzrxahlıq edərək bağışlanmağımı xahiş etmişəm. Lakin Arifə barışıq təkliflərimi qəbul etməyib”. 

Ramin məhkəmə iclasında da Arifədən bir daha üzr istəyib, uşaqlarının xətrinə onu bağışlamasını və barışmasını xahiş edib. O bildirib ki, hamayəsində bir azyaşlı uşağı var. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Arifənin sözlərinə görə, Ramin narkotik vasitə aludəçisi olduğundan evdə səbəbsiz yerə söz-söhbətlər yaradıb: 

“Martın 27-də, saat 14.00-da yaşadığım evdə olarkən Ramin ilə aramızda yenidən mübahisə yarandı. Mübahisə zamanı Ramin əli ilə mənə bir neçə zərbə vuraraq xəsarət yetirdi. Hətta qayçı ilə saçımı kəsdi və əlində olan siqareti sağ qoluma basaraq xəsarət yetirdi”.

Arifə deyib ki, bundan bir neçə gün sonra, yəni aprelin 5-də Ramin şillə ilə onu üzündən vuraraq xəsarət yetirib: 

“Bu səbəbdən Raminlə yaşaya bilmədiyim üçün ondan ayrıldım. Hazırda atamın evində yaşayıram. Ramin ilə barışmaq fikrim yoxdur, ondan şikayətçiyəm”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Hakim Tərlan Əkbərovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. 

Hökmə əsasən, Raminin barəsində 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun yaşadığı evi axşam saat 24.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək vəzifələri qoyulub. 
Həmçinin, Raminin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin