“Ölkəmizdə bütün proseslərin mərkəzində gənclər dayanıb. Azərbaycan gənci özünün milli-mənəvi dəyərləri, vətənə bağlılığı, cəsarəti ilə həmişə dünya xalqlarının gənclərindən seçilib”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu səsləndirdi.
Gənclər siyasətinin əsasının milli lider tərəfindən qoyulduğunu deyən deputat Heydər Əliyevin həmişə gənclərə bağlı olduğunu söylədi.
MÖVZU İLƏ BAĞLI:
Millət vəkili: “11 yanvar tarixində Moskvada gözlənilən üçtərəfli görüş keçirilərsə...”
Millət vəkili: “Məğlubiyyət ermənilərin faktiki mahiyyətini üzə qoyur”
“Ulu öndər gənclərlə bağlı xüsusi fəaliyyətin həyata keçirilməsini diqqət mərkəzində saxlayıb və gənclərin inkişafı istiqamətində addımlar atıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan Gənclərinin Birinci Forumu da, məhz Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Ulu öndər bu forumlarda hər dəfə iştirak edir, gənclərin qarşısında çıxış edirdi. O, gəncləri hər zaman vətənin inkişafında fəal olmağa yönləndirib.”
Elşad Mirbəşiroğlu onu da vurğuladı ki, Prezident İlham Əliyev gənclər siyasətini müasir dövrün tələblərinə uyğunlaşdırıb.
“Ölkə başçısı Azərbaycan gəncinə həmişə arxalanır və bəyan edir ki, gələcəyimiz gənclərin əlindədir. Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev 2007-ci ili “Gənclər ili” elan edib. Bu da ölkədə gənclərə olan ehtiramın göstəricisidir.
Az öncə də qeyd etdim, Azərbaycan gəncinin malik olduğu mənəvi keyfiyyətlər dünyanın heç bir xalqının gənclərində müşahidə olunmur.”
Millət vəkilinin sözlərinə görə, ölkəmizin dünyada təbliğ olunmasında Azərbaycan gəncliyi öndədir. O əlavə etdi ki, bu il “Gənclər günü”nü yeni reallıqlar şəraitində qeyd edirik.
“Bu reallığı da Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan gənci yaratdı.
Biz torpaqlarımızı işğaldan azad etdik. Müstəqilliyimiz tarixində ilk dəfə olaraq bu Gənclər gününü ərazi bütövlüyümüzün bərpa olunduğu şəraitdə qeyd edirik. Buna görə də Azərbaycan gəncinə borcluyuq".
2020-ci ilin iyulunda ermənilər Tovuz istiqamətində təxribatlar törədən zaman Azərbaycan gəncləri kütləvi şəkildə səfərbərlik xidmətlərinə müraciət etdilər, orduya qoşulub, döyüşməyə hazır olduqlarını bəyan etdilər.
"Vətən müharibəsi başlayanda da Azərbaycan gənci öndə getdi. Bu gün şəhidlərimizin qarşısında bir daha baş əyirəm. Onların xatirəsini hər zaman uca tuturuq. Biz bu qələbəmizə görə Azərbaycan gəncinə borcluyuq".
"Sevindirici haldır ki, Azərbaycan xalqının gəncliyi mübarizdir, cəsarətlidir, vətənə və dövlətçiliyə bağlıdır”, - deyə millət vəkili fikrini tamamladı.
Anar Rəhimov, Bizim.Media