Bəzi sürücülər, xüsusilə gənclər, meyxana, ritmik mahnılar səsləndirərək maşının pəncərələrini açıq qoyub, ətrafdakı insanlara narahatlıq yaradırlar. Hətta bununla yekunlaşmayıb səs ucaldıcılardan, siqnallardan istifadə etməkdən belə çəkinmirlər. İnsanlar belə vəziyyətdən şikayətlənsələr də, həmin sürücülər üçün bunun əhəmiyyəti olmur.
Bakı sakini Murad Həsənov dəfələrlə buna görə sözügedən sürücülərlə konflikt yaşadığını bildirib.
“Ailəm ilə maşında yol gedərkən bu kimi halların şahidi olub əsəbləşirəm. Mahnıya yüksək səslə qulaq asmaq, yersiz yerə siqnala basmağı etik hesab etmirəm. Buna bir əncam çəkən olmalıdır, ya yox?”
Doğrudan, bunun bir çarəsi olmalıdır axı.
MÖVZU İLƏ BAĞLI:
Bunu edənlər 2500 manatadək cərimələnəcək - VİDEO
Hüquqşünas Murad İsmayılov Bizim.Media-ya mözu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, yüksək səsli siqnallardan yalnız təcili yardım, yanğınsöndürən və polis maşınlarında istifadə oluna bilər:
“Şəxsi nəqliyyat vasitələrində bu cür siqnallardan istifadə qanunla qadağandır. İnzibati Xətalar Məcəlləsinin 329-ci maddəsində də göstərilir ki, səs siqnallarından itifadə qaydalarının pozulmasına görə, sürücü 30 manat cərimə olunmalıdır.
Eyni zamanda İnzibati Xətalar haqqında qanunun 96-cı maddəsinə əsasən nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda sürücülər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmaqla cərimə meydançasına aparılırlar. Digər problem isə səsgücləndiricilər vasitəsi ilə insanların əsəb sisteminə mənfi təsir etmək həmçinin digər nəqliyyat vasitələri üçün qəza şəraitinin yaradılmasıdır ki, bu da qayda pozuntusu hesab olunur”.
Hüquqşünas həmçinin qeyd edir ki, əhalinin rahatlığı daha çox səs siqnallarına görə deyil, bəzi hallarda avtonəqliyyat vasitələrinin mühərrikinin səs gücünün artırılması yolu ilə də baş verə bilir və bu halda:
“Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbinə əsasən avtonəqliyyat vasitəsinin müvafiq icazəsi olmadan xüsusi (çoxavazlı) səs siqnalları ilə yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadəyə görə inzibati xətanın törədilməsində alət və ya bilavasitə obyekti olmuş predment müsadirə edilməklə, 500 manatdan 800 manata qədər cərimə edilir.
Şəhərdə xüsusi səsgücləndiricilər vasitəsi ilə gecə saatlarında bəzi “sürücülər” avtonəqliyyat vasitələrində maqnitafonlarını gur səslə oxutmaqla asayişi pozur.
Odur ki, bu qeyd edilən halların törədilməsinə görə fiziki şəxslər 150 manatdan 200 manatadək , vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək cərimə edilirlər. Sürücülərə tətbiq olunan protokol məhkəməyə göndərilir və məhkəmənin qərarı ilə səs siqnalı müsadirə edilir”, - deyə M.İsmayılov qeyd edib.
Səkinə Yusibli, Bizim.Media