Azərbaycan Tibb Universitetindən hamı qaçır – TƏBİB-lə bağlı SOS

Hazırda oxunan: Azərbaycan Tibb Universitetindən hamı qaçır – TƏBİB-lə bağlı SOS

105083

“Çox təəssüf ki, ölkəmizdən beyin axını sürətlə artır. Ciddi tədbirlər görülməsə, yaxın illərdə ciddi həkim çatışmazlığı ilə üz-üzə qala bilərik”.

Bunu Bizim.Media-ya açıqlamasında həkim Aydın Əliyev söyləyib.

O, bildirib ki, Azərbaycan Tibb Universitetinin sonuncu kurslarında oxuyanların əksəriyəti Avropaya üz tutur:

“Gənclərimizin böyük hissəsi Mərkəzi Avropa dövlətinə, bir qismi isə Türkiyəyə təhsil almağa gedir. Lakin təhsil dalınca gedənlərin çoxu sonradan geri qayıtmır. Nəticədə, ən savadlı gənc həkimlərimiz xarici ölkələrdə qalıb işləməyə üstünlük verir. 

Bunun da bir neçə səbəbi var. Əsası Tibb Universitetində təhsilin keyfiyəti çox aşağı səviyyədədir. Dünya universitetlərinin reytinqində bu Universitet heç ilk minliyə düşə bilmir. Tibb Universitetində bəzən 30-40 ilin dərsliklərindən istifadə edir. Təhsilin metodikası zamanla ayaqlaşmır.  Həkimlərin maddi rifah halı çox aşağıdır. İstisna halları nəzərə almasaq, ölkəmizdə həkimlərin əmək haqqı və dolanışığı çox aşağıdır. Məsələn, ucqar rayonlardakı həkimlərin dolanışığını göz önünə gətirək. Heç mərkəzi şəhərlərdəki həkimlər də yaxşı dolana bilmirlər. Tibb bacılarının əmək haqqından isə danışmağa dəyməz. 
 

Ən dəhşətlisi də odur ki, həkimlər Tibbi Sığortadan alacaqlarını aylarla gözləməli olurlar. Üstəlik, TƏBİB həkimlərə qəpik-quruş verir. Məsələn, bir çox müayinə üçün TƏBİB həkimə 80-90 qəpik pul verir. Bu çox acınacaqlı bir vəziyyətdir. Bir həkim gün ərzində neçə xəstə müayinə etməlidir ki, gününə 20 manat qazansın. 


Ölkəmizdə lazımı tibbi avadanlıqlar da yoxdur. Bu gün ölkəmizdə xaricdə təhsil alıb gəlmiş çox istedadlı həkimlər var. Lakin onların biliklərini reallaşdırmağa imkan verən avadanlıqlar yoxdur. Baxmayaraq ki, tender yolu ilə 100 minlik avadanlıqları 300-400 min manata alıb gətirirlər. Dövlət qurumları əksər hallarda sosial sifarişi deyil, şəxsi maraqları üçün avadanlıq alır. Nəticədə, mürəkkəb cərrahi əməliyyatlar üçün heç bir avadanlıq alınmır. Sadəcə dövlət büdcəsi talanır. Nəyinki bölgələrdə, eləcə də Bakıdakı xəstəxana və poliklinikalardakı avadanlıqlar çox primitivdir. Sonucda, yüksək savada malik cavan həkimlər burda özlərini tapa, təsdiqləyə bilmirlər. Bu isə qorxunc gələcəkdən xəbər verir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin