Rusiyadan Azərbaycana KÖÇ - “Heç kəs ikinci vətəndaşlığına arxalanmasın, orduya cəlb olunacaq” – SOS

Hazırda oxunan: Rusiyadan Azərbaycana KÖÇ - “Heç kəs ikinci vətəndaşlığına arxalanmasın, orduya cəlb olunacaq” – SOS

105075

Xəbər verildiyi kimi bu günlərdə Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya Silahlı Qüvvələrində xidmətə cəlb edilməsi qaydasını müəyyən edən fərman imzalayıb. Dəyişikliyə əsasən, Rusiyada xarici vətəndaşlığı olan şəxslər Silahlı Qüvvələrdə hərbi xidmət keçəcək.

Yeni qərar Rusiyada yaşayan təxminən 2 milyondan çox soydaşlarımızı hərəkətə gətirib. Artıq Rusiyadan Azərbaycana axın başlayıb və xeyli sayda azərbaycanlı öz vətənlərinə geri dönməyə başlayıblar. Bununla bağlı rəsmi açıqlama verilməsə də, müşahidələr göz qabağındadır. 

Putinin yeni qərarı soydaşlarımızın vətənə axınını sürətləndirə bilərmi? 

Rusiyada yaşayan azərbaycanlı jurnalist Anar həsənov məsələyə münasibət bildirib. O, deyib ki, Azərbaycan və Rusiya arasında ikili vətəndaşlıq haqqında qanun və razılaşma olmadığı üçün soydaşlarımızın bu məsələdə şansı yoxdur:

“Rusiya ilə Azərbaycan arasında nizamlanmamış məsələlərdən biri ikili vətəndaşlıqla bağlıdır. Yəni ölkələr arasında ikili vətəndaşlıq haqqında heç bir qanun və razılaşma yoxdur. Bunlara baxmayaraq Rusiyada həm Azərbaycan, həm də Rusiya respublikasının vətəndaşı olan on minlərlə azərbaycanlı var. Məhz bu da gələcəyə hesablanmış bir qanundur. Yəni sən Rusiyanı “Azərbaycan vətəndaşıyam deyib” tərk edərkən, saxlayıb “hərbi mükələfiyyətsən, orduya çağırılmısan, biz səni Rusiya vətəndaşı bilirik və get xidmətini elə” deyəcəklər. Gələcəkdə növbəti səfərbərlik edilərkən, ölkə ərazisini tərk etmək istəyən Azərbaycan və ya digər MDB dövlətlərinin vətəndaşlarına şamil olunacaq, yaxud onların üzərində istifadə olunacaq bir qanundur”. 

Anar Həsənovun sözlərinə görə bu gün bir çoxları hesab edir ki, Azərbaycan pasportu var, gərginlik yaranarsa, Rusiyanı tərk edə biləcək:
 

“Unudurlar ki, Rusiyada çoxdan xarici sənəd olaraq hamıya biometrik pasportlar verilib. Biometrik  pasport isə o deməkdir ki, sənin Rusiya vətəndaşlığın ola-ola ölkə ərazisini yaşıl pasportla tərk etmək istəyərkən, hava limanında bu, artıq ifşa olunacaq. Heç kəs ikinci vətəndaşlığı var deyib ona arxalanmasın.


Səfərbərlik elan olunarsa, “mənim başqa ölkə vətəndaşlığım var” demək şansını itirəcək. Yəni orduya cəlb olunacaq. Ikinci bir məqam da var. Özbəkistan və Qırğızıstanda belə bir qərar qəbul olundu. Əgər sözügedən ölkə vətəndaşları həmin Özbəkistan və Qırğızıstan vətəndaşı olduğu halda Rusiyanın da vətəndaşıdırlarsa və orduya cəlb olunurlarsa, onlara 10 il azadlıqdan məhrumolma cəzası veriləcək. Azərbaycanda belə bir qanun yoxdur və qərar verilməyib. Düşünürəm ki, Azərbaycan Respublikası öz vətəndaşlarını qorumaqla bağlı hər hansı məsələyə münasibət bildirəcək. Çünki bu qərar 10 minlərlə Azərbaycan vətəndaşının ümid yeri, şans və ya sığortalanmasının üstündən xətt çəkmiş oldu”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin