Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibəti ilə Novruz bayramında amnistiya aktının qəbul edilməsini təklif edib.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidə müraciət etdik.
MÖVZU İLƏ BAĞLI:
''Həbsxanalarda qadın qalmasın'' - Deputatdan amnistiya təklifi
Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı - FOTO
O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Vətən müharibəsindən sonra yeni amnistiya aktının qəbul olunması yaxşı hal olardı:
“Bu il pandemiya səbəbindən Əfv Komissiyası toplaşa bilmədi və Prezidentin geniş əfv sərəncamı olmadı. Sentyabr ayında isə Əfv Komissiyasının yeni tərkibi təsdiq olundu. Komissiya yeni tərkiblə işə başlamalı idi, amma yenə də pandemiya səbəbindən hələ yığışmayıb.
Hər halda indiki şəraitdə də Komissiya üzvlərinin toplaşması mümkün deyil. Amma əfv sektoru işləyir və Komissiya müraciətləri qəbul edir. Bilirsiniz ki, məhkəmələr tərəfindən cəzası az olan məhkumların azad olunması prosesi baş verdi”.
Amnistiya aktının qəbulunun Prezidentin və Milli Məclisin səlahiyyətində olduğunu xatırladan Rəşad Məcid məsələnin millət vəkilləri tərəfindən gündəmə gətirilməsini yüksək qiymətləndirdi:
“Ümumiyyətlə, Azərbaycanda amnistiya aktının qəbul olunması bir neçə dəfə həyata keçirilib. Sonuncu dəfə Birinci Vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aministiya aktının qəbul edilməsi elan olunmuşdu. Yəqin ki, yeni təklif barədə də düşünüləcək”.
Alçina Amilqızı, Bizim.Media