Əhalinin geri qayıdışına əsaslanaraq mərhələli şəkildə ümumi (bölgələrin xüsusiyyətlərini nəzərə alaraq müxtəlif təmayüllü məktəblər, liseylər və gimnaziyalar, internat tipli xüsusi ümumtəhsil məktəbləri, inteqrasiya təlimli internat tipli məktəblər) və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ
Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə ölkənin müvafiq ali təhsil müəssisəsinin filiallarının yaradılması ilə bağlı tədbirlər görüləcək.
Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə Elm və Təhsil Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, digər mərkəzi icra orqanları, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə 1 filialın yaradılması və fəaliyyətə başlamasını təmin etməlidir.
Bizim.Media