Taksi şirkətlərinin “bahalaşma yarışı”- Kəskin havada QİYMƏT FÜRSƏTİ

Hazırda oxunan: Taksi şirkətlərinin “bahalaşma yarışı”- Kəskin havada QİYMƏT FÜRSƏTİ

104738

Bakıda taksi şirkətlərinin fəaliyyəti sözün əsl mənasında bazara çevrilib. Deyir “çax-çax baş ağrıdır, dəyirman öz işində”. Yəni, burada “çax-çax” biz oluruq. 

Son günlər Bakıda kəskin hava şəraiti ilə bağlı insanların ünvana qısa zaman kəsiyində və rahat çatmaq istəkləri artıb. Bu da taksi sifarişlərinin çoxalmasına gətirib-çıxarıb. Bazardakı təlabat taksi xidməti şirkətlərinin qiymətlərinə öz təsirini göstərir. Müxtəlif adda çoxsaylı şirkətlər ucuz və operativ xidmətə üstünlük verməklə bazarda güclənməyə, müştəriləri özlərinə cəlb etməyə çalışır. Bu sahədə rəqabət mühitinin olması taksi xidmətinin nisbətən ucuz olmasına gətirib çıxarıb. Amma kəskin hava şəraiti, yağışlı, qarlı havada taksilərin qiymətləri də artır.

Yəni, adi gündə gedilən yolu müştəri yağışlı hava zamanı daha çox pul ödəməklə getməli olur. 

"Ucuz ətin şorbası olmaz”... 

Belə düşünsək də, yenə harada ucuz taksi şirkəti fəaliyyət göstərirsə ona doğru qaçırıq. Lakin yuxarıda qeyd etdiyim kimi, hava cüzi dəyişən kimi ucuz taksilərdə də qiymətlər kəllə-çarx olur. 

Nə isə, keçək mətləbə...

Bizim.Media taksi şirkətlərinin havadan asılı olaraq şəhərin 20 yanvar ərazisindən metronun “Elmlər Akademiyası” stansiyası ətrafına getmək üçün müəyyən etdikləri müxtəlif qiymətləri təqdim edir:

Mülayim hava şəraitində qiymət:                 Qarlı hava şəraitində qiymət:

189 taksi xidməti: 3.05 manat                        5.50 manat
9111“Ekonom taksi”: 3.40 manat                   6.00 manat 
5000 “Uduz taksi”: 4 manat                             6.40 manat
9333 “Salam taksi”: 4.50 manat                     6.70 manat
8555 taksi xidməti: 4.90 manat                      7.20 manat
Bolt taksi xidməti: 5.05 manat                         7.50 manat 

Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı kəskin hava şəraitində taksi xidmətlərinin qiymətinin bahalaşmasına normal baxır:

“Dünyanın bir çox ölkələrində belə hallar var. Pik saatlarda, yağışlı havada heç də bütün sürücülər işə çıxmır və taksi qıtlığı yaranır. Yaxud da yollarda sıxlıq yarandığından rentabelli olmur. Belədə, taksi sürücüsü vaxt itkisinə yol verir. Məsələyə bu baxımdan yanaşanda kəskin hava şəraitində qiymətlərin adi günlərlə müqayisədə bir qədər baha olması normal haldır. Tariflər müəyyənləşəndə bu məsələ də öz həllini tapacaq”. 

Həmsöhbətimiz taksi xidməti sahəsində qiymətlərlə bağlı rəqabət aparılmasının tərəfdarı deyil:

“Xidmət və bonuslar sahəsində rəqabət aparmaq daha faydalıdır. Xidmət sahəsində qiymətləri ucuzlaşdırıb xidmət göstərənləri uçuruma yuvarlamaq olmaz.

Çünki qiymətin ucuzlaşmasından ziyan çəkən yalnız taksi sürücüləri olur. Yəqin ki, yaxınlarda taksi xidmətində qiymət siyasətinin dövlət tərəfindən tənzimlənməsi barədə yekun qərar veriləcək. Tənzimlənmə zamanı yalnız aşağı və yuxarı hədd müəyyənləşə bilər. Bu qərardan sonra bütün taksilər demək olar müştərini eyni qiymətə aparacaq. Sadəcə taksi sürücüsü müştəri cəlb etmək üçün ona münasibətdə başqa həvəsləndirici addımlar atmalı olacaq”. 

Digər ekspert Ərşad Hüseynov isə bildirir ki, taksi xidmətlərində qiymət məsələsinə belə yanaşma tərzi həmin sahə üzrə qiymətlərin tənzimlənməməsilə bağlıdır:

“Taksi xidmətlərinin normal havada bir cür, qarlı hava zamanı isə daha yüksək qiymət qoymaları onların şəxsi maraqlarından doğan amildir. Belə vəziyyətin yaranması isə, taksi xidmətləri qiymətinin tənzimlənməməsindən qaynaqlanır. Bu qiymətlər hələ də dövlət tərəfindən tənzimlənmir. Ona görə də, taksi şirkətləri belə vəziyyətdən istifadə edərək, kəskin hava şəraitini bəhanə etməklə, həmin dövrdə qiymətləri normal havada qoyduqları qiymətlə müqayisədə qaldırırlar. İstehlak bazarına, iqtisadi meyarlara uyğun qiymət müəyyənləşsə, belə hallara da son qoyulacaq”. 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Bizim.Media-ya deyib ki, taksi xidmətlərində qiymətlər tənzimlənən qiymət olmadığından həmin sektorda sözügedən vəziyyət yaranır:

“Əslində bu məsələ səlahiyyətimizə aid deyil. Ona görə də münasibət bildirməyimiz düzgün deyil. Amma bütün hallarda taksi xidmətlərində yaranan qiymət fərqi məhz, həmin sahədə qiymətlərin tənzimlənməməsi ilə bağlıdır. Bu baş verərsə, normal hava ilə kəskin hava şəraitində təqdim edilən qiymət fərqləri də yəqin ki, aradan qalxacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin