İcbari tibbi sığortadan NARAZILIQ - Xəstəxananı kim seçir?

Hazırda oxunan: İcbari tibbi sığortadan NARAZILIQ - Xəstəxananı kim seçir?

104633

Son vaxtlar icbari tibbi sığortanın tətbiqi zamanı həkimlərlə xəstələr arasında narazılıq doğuran məqamlar yaşanır. İcbari tibbi sığorta ilə müayinə və müalicə olunmaq istəyən xəstələrin həkimlərlə polemikası əsasən tibb müəssisəsinin seçimi ilə bağlı olur. 

Poliklinikada çalışan həkim xəstəni müayinə və müalicə etdikdən sonra icbari tibbi sığortanın tətbiq edildiyi xəstəxanaya göndəriş yazır. Amma xəstə həmin xəstəxananı istəmir və özünün tanıdığı, bildiyi həkimə, yaxud xəstəxanaya göndərilməsini təkid edir. Əksər həkim buna qarşı çıxır. Bununla da tərəflər arasında polemika yaşanır. 

Maraqlıdır, bu məsələdə həkim və ya xəstə haqlıdır? Həkimin xəstəni həmin tibb müəssisəsinə göndərməsi məcburidirmi?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bizim.Media-nın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, xəstələr TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə bilərlər:

“Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Belə ki, “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına əsasən vətəndaşlar (Ailə Sağlamlıq Mərkəziləri istisna olmaqla) yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) eləcə də rayonlarda TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə bilərlər.

Qaydaya əsasən poliklinikaya müraciət edən vətəndaşa ailə həkimi və ya dar ixtisaslı həkim tərəfindən  yalnız özlərinin aid olduqları inzibati ərazi vahidində yerləşən dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi verilə bilər.

Həmin inzibati ərazi vahidində ixtisaslaşdırılmış tibbi xidməti göstərmək imkanına malik olan bir neçə dövlət tibb müəssisəsi fəaliyyət göstərdikdə, vətəndaşa bu barədə məlumat verilir və pasiyentin seçdiyi dövlət tibb müəssisəsinə göndəriş vərəqəsinin verilməsi təmin edilir”. 
Agentlikdən o da qeyd olunub ki, həmin tibbi ərazi bölməsinə daxil olan dövlət tibb müəssisəsində müvafiq tibbi xidmətin göstərilməsi mümkün olmadığı hallarda, göndəriş vərəqəsi pasiyentin seçimi, məsafə və yol infrastrukturu nəzərə alınmaqla digər tibbi ərazi bölmələrinə daxil olan dövlət tibb müəssisəsinə verilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin