Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul qaydaları açıqlanıb.
Bizim.Media xəbər verir ki, Akademiyadan verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər.
MÖVZU İLƏ BAĞLI:
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
- Hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək;
- Orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 20 yaşınadək.
Akademiyaya daxil olmaq istəyən şəxslər dekabr ayının 10-dək ərizə ilə yaşayış yeri üzrə DTX-nin yerli orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər.
Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır.
Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyanın “Əməliyyat işçilərinin hazırlanması” və “İnformasiya təhlükəsizliyi” fakültələrinə (“Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə) qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında I və III ixtisas qruplarına qəbul imtahanı verirlər. İmtahanlarda yüksək bal toplayan abituriyentlər Akademiyaya qəbul olunurlar.
Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada təhsil isə Azərbaycan dilində aparılır.
Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar.
Bizim.Media