Bakıda 16 yaşlı oğlan özündən 10 yaş böyük sevgilisini bıçaqladı - TƏFƏRRÜAT 

Hazırda oxunan: Bakıda 16 yaşlı oğlan özündən 10 yaş böyük sevgilisini bıçaqladı - TƏFƏRRÜAT 

104425

Bakıda özündən 10 yaş böyük olan sevgilisini bıçaqlamaqda ittiham olunan 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. İlkin Cəbiyev sevgi münasibətində olduğu Dilbər İbrahimovanı qısqanclıq zəminində bıçaqlayıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib

İlkinin ifadəsinə görə, Dilbər onun qonşusu olub, əvvəllər münasibətlər yaxşı olub, amma son vaxtlar Dilbər tərəfindən aldadıldığını hiss edib:

“Dilbər əvvəllər məni sevdiyini deyirdi. Amma son vaxtlar münasibətlərimiz soyuqlamışdı. Hiss edirdim ki, Dilbər məni aldadır. Ona “WhatsApp”da mesaj yazırdım. Onlaynda olurdu, amma cavab vermirdi. Hiss edirdim ki, başqası ilə danışır. Məni Dilbər 2-3 il idir ki belə aldadırdı. Mənim mesajlarıma gec-gec cavab verirdi. Səbəbini soruşanda isə, başının qarışıq olduğunu söyləyirdi”.
Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Dilbər ilə küçədə rastlaşıb:

“Həmin vaxt onun yanında xalası da var idi. Ondan soruşdum ki, məni niyə aldadırsan? Sonra ona özümdə olan bıçaqla bir zərbə vurdum. Daha sonra evə gəldim. Anama hadisə barədə məlumat verdim. Özüm 8-ci polis bölməsinə gedərkən yolda polislər məni saxladı”.

Təqsirləndirilən şəxs bildirib ki, Dilbəri bıçaqlamaqla səhv hərəkət edib. Onun sözlərinə görə, Dilbər əvvəllər ailəli olub, amma sonradan boşanıb:

“Mən Dilbəri sevirdim. Dilbər də məndən əl çəkmirdi. Hamı Dilbəri sevdiyimi bilirdi. Hazırda 16 yaşım var. Dilbəri isə 13 yaşında sevməyə başlamışam”.

Zərərçəkmiş Dilbər isə ifadəsində deyib ki, ailəlidir, 3 azyaşlı uşağı var. Onun sözlərinə görə, İlkini qonşusu kimi tanıyıb:

“İlkin məni sevdiyini deyirdi. Mən də bunu zarafat kimi qəbul edirdim. Mənə “WhatsAppa”da ürək atırdı, sevdiyini yazırdı. Mən isə cavab yazmırdım. Nə cavab yazacaqdım? Mən elə bilirdim ki, zarafat edir. Mənə gecə-gündüz yazırdı”.

Dilbər qeyd edib ki, bu hadisəyə kimi əri ilə birlikdə yaşayıb:

“Təqsirləndirilən şəxsin boşanmağımla bağlı dediyi yalandır. Mən ərimlə yaşamışam. Amma bu hadisə baş verəndən sonra ərim boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda boşanma davası ilə bağlı iş məhkəmədədir”.
Növbəti proses noyabrın 21-də davam edəcək.

İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin