Əməkdar artist, qiraətçi Ağalar Bayramov 28 illik ayrılıqdan sonra Qubadlıda oğlunun qəbrini ziyarət etməsindən danışıb.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, övladı 1991-ci ildə qatar qəzasında faciəvi şəkildə həyatını itirib:
MÖVZU İLƏ BAĞLI:
Əməkdar artist 28 ildən sonra oğlunun qəbrini ziyarət etdi - FOTO/VİDEO
“Övladım Şəhriyar 1991-ci ildə vəfat etdi. Mənim əslim Ucardan olsa da, ömür-gün yoldaşım Şamama Qubadlı rayonunun Xocahan kəndindəndir.
Oğlum hər il 1980-ci ildən həlak olan günə qədər, Qubadlının Xocahan kəndində nənə-babasını görməyə gedirdi. Həlak olanda da qərar verdik ki, əbədi olaraq orada uyusun. Ona görə nəşini Xocahana apardıq və 1991-ci il may ayının 4-də onu Xocahanda dağın başındakı qəbirstanlıqda dəfn etdik”.
Əməkdar artist işğaldan azad olunan torpaqlara səfər etdiyi zaman dağıdılmış evlərin onu kövrəltdiyini də deyib:
“İnanırsız, onu sözlə ifadə etmək çox çətindir. Cəbrayıldan, Zəngilandan və digər işğaldan azad olmuş torpaqlarda dağıdılmış yurdları görəndə hansı hissləri keçirdiyimi bir Allah bilir. O ərazilərdən son dəfə 1990-cı illərdə çıxmışam. Mənim kimi həssas insan üçün o hissləri keçirmək çox ağırdır”, - deyə o bildirib.
Sonda Ağalar Bayramov fikirlərini bu sözlərlə bitirib:
“Yaşadığım hisslər dastanlara sığmayan duyğulardır. Mən azad olunmuş torpaqlarımızı ziyarət edərkən həm sevindim, həm də kədərləndim.
Ona görə sevindim ki, artıq bu torpaqlardayıq, hətta əyilib torpağı öpdüm. Lakin düşmənin o torpaqlarda etdiklərini gördükdə çox kədərləndim. Oraların bu cür xarabalığa çevrildiyi üçün çox kövrəldim”.
Vüsalə Balayeva, Aliya İlyas, Bizim.Media