Səlim Müslümovun məhkəməsindən: "Yoxlamaların müsbət həlli üçün 20 min manat rüşvət alıb"

Hazırda oxunan: Səlim Müslümovun məhkəməsindən: "Yoxlamaların müsbət həlli üçün 20 min manat rüşvət alıb"

104322

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elşən Əliyev ifadə verib.

O deyib ki, müəllim işləyir, 15 saylı cəza çəkmə müəssisəsində məhkumlara dərs deyir, bundan əvvəl isə "Şahbulaq" MMC-də direktor təyin olunub. Şahidin sözlərinə görə, şəhid ailələrinə evlərin tikilməsi üçün müqavilə bağlayıb.

Müqavilə bağlanandan sonra orada işdən çıxdığını deyən şahid bildirib ki, evlərin tikintisində iştirak etməyib.

Şahidin sözlərinə görə, MMC-yə şirkətin təsisçisi Şahin Hüseynovun təklifi ilə gəlib, orada işlədiyi müddətdə heç bir ödəniş almayıb, heç bir maliyyə işinə qarışmayıb. İstintaq sənədlərinə görə, MMC-də 12350 manat çatışmazlıq yaranıb. Şahid iddia edir ki, bu çatışmamazlıqdan xəbəri olmayıb.  

Digər şahid İbrahim İsmayılov deyib ki, əmisi Teyyub İsmayılovun rəhbərlik etdiyi "Araz İnşaat" MMC-də işləyib. Onun sözlərinə görə, şəhid ailələri üçün 23 evin tikintisinin aparılması üçün tenderdə qalib olublar. Qeyd edib ki, hər evə görə nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisi Natiq Əzizova 3 min manat olmaqla, ümumilikdə 69 min manat veriblər.  

Şahid qeyd edib ki, Şamaxı rayonunda yarımçıq evlərin bərpası üçün MMC-yə 345 min manat köçürülüb:

"Həmin məbləğ görülən işə görə az oldu. Buna görə də pulu geri qaytardıq. Pulu Fuad Əlizadəyə (DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri - red.) veriblər. Onlar özləri yarımçıq evləri bərpa etdilər". 

Daha sonra ifadə verən şahid Elçin Əliyev deyib ki, Dövlət Əmək Müfəttişliyinin regional mərkəzinin Ucar rayon şöbəsinin rəisi olub. Onun sözlərinə görə, ərazi üzrə 120-130 müəssisədə yoxlama keçiriblər.

O bildirib ki, Dövlət Əmək Müfəttişliyinin rəis müavini Anar Quliyevə il ərzində 800 manat qəzet pulu verib:

"Həmin pulu da öz şəxsi hesabından verirdim. Anar müəllimin özünə pulu birbaşa verməmişəm. Zəng edib ki, sürücüm regiona gələcək, pulu onunla göndər. Məndə pulu sürücü ilə gömdərmişəm. Həmin pulu Nəşriyyatda qəzetlərə çatdırıb". 

Şahid ifadəsində əlavə edib ki, müəssislərdə apardıqları yoxlamalar zamanı heç kimdən rüşvət almayıb. 

Digər şahid, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuş Cəfər Əliyev deyib ki, müəssisəslərdə yoxlamalar baş idarə tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyinin Xidmət sektor müdiri Emil Allahverdiyev onların işinə müdaxilə edib: "İri müəssisəsləri Emin Allahverdiyevin özü yoxlayıb. Yoxlamalarla bağlı müəssisəslərin siyahısını biz təqdim edirdik. Onlar isə təsdiqləyirdilər. İri müəssisələri özləri yoxlaylrdılar. Eşitdiyimə görə iri müəssisələrdən Emil Allahverdiyevin özü nəsə alıb". 

Bu zaman onun istinataqa verdiyi ifadəsi elan olunub. Həmin ifadəyə görə, Nizami rayonunda iri müəssisələri yoxlayan Emil Allahverdiyev yoxlamaların müsbət həll olunması üçün 20 min manat alıb.  

Şahid qismində ifadə verən Elçin Mahmudov deyib ki, vaxtı ilə Qusar rayon polis şöbəsinin cinayət axtarış şöbəsinin rəisi işləyib. Onun sözlərinə görə, Səfail Mirzəyev həmin dövrdə tanıyıb. O deyib ki, təqaüdə çıxandan sonra Səfail Mirzəyevin təsis etdiyi "Bina" MMC-də işləyib, buna görə aylıq 500 manat əməkhaqqı alıb. 
Şahid deyib ki, şəhid ailələri üçün Qusar rayonunda iki ev tikiblər, hər evin tikintisinə görə tikilməkdə olan obyektlərin rəisi Natiq Əzizova 3 min manat veriblər. Prokuror isə şahidi şəhid ailələrinə tikilməsi üçün dövlət büdcəsindən ayrılan pulu mənimsəməkdə ittiham edib. Şahid isə deyib ki, şəhid ailələri üçün ayrılan vəsaiti mınimsəyənlətin cəzasını Allah verəcək: "Bu vicdansızlıqdır". 

Növbəti proses noyabrın 21-ə təyin olunub. 

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin