Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər. 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər. Faciə hər kəsi sarsıtmaqla yanaşı müəyyən suallar da ortaya çıxarıb.
Nəyə görə siçan dərmanı uşaqlar üçün əl çatan yerə qoyulub? Və ya valideynlərin diqqətsizliyi maarifçilik işinin zəif olmasından qaynaqlanmır ki?
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT: Siçan dərmanını "Jelibon" bilərək yeyən 2 azyaşlı QARDAŞ ÖLDÜ
Tanınmış pediatr Vaqif Qarayev suallara aydınlıq gətirərkən Bizim.Media-ya bildirib ki, siçan dərmanı xalq arasında da, təbabətdə də ən güclü zəhər hesab olunur:
“Belə bir qorxunc zəhərin mətbəxdə saxlanılması yolverilməzdir. Xüsəsən də, evdəki körpə uşaqların əli çatan yerdə saxlanılması sadəcə nadanlıqdır. Həmin valideynləri indiki vaxtda qınamaq istəmirəm. Ailə 2 uşağını faciəvi şəkildə itirib. Amma bu faiciə digər valideynlərə dərs olmalıdır”.
Pediatr onu da əlavə edib ki, dərmanlar, parfumeriya məmulatları, müxtəlif batareyalar, toksiki təsirli mayelər və sair, bunlar hamısı uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır:
“Bu mütləqdir. Uşaqlar təkcə siçan dərmanı içmir. Onlar əllərinə nə keçirsə ağızlarına basırlar. Bizə gələn məlumatlarda ən çox uşaq zəhərlənməsi anasının saç boyasınının yeyilməsi, yuyucu-dizinfeksiya edici maddələrinin qəbul edilməsi hallarıdır. Rəngbərən dərmanlar uşaqlar üçün çox cəlbedicidir. Siçan dərmanına gəldikdə isə, son dərəcə toksiki təsirli maddədir. Onun zədələmədiyi daxili orqan qalmır. Bir sözlə, məişətdə istifadə etdiyimiz toksiki təsirə malik maddələr uşaqların əlinin çata biləcəyi yerdə olmamalıdır. Əks haldı dəhşətli faciə ilə daha çox üz-üzə qala bilərik”.
Surxay Atakişiyev, Bizim.Media