Qarabağda ermənilərlə birgəyaşayışı necə təmin edək? – Sosioloq RƏYİ 

Hazırda oxunan: Qarabağda ermənilərlə birgəyaşayışı necə təmin edək? – Sosioloq RƏYİ 

103831

Məlumdur ki, Qarabağın ermənilər yaşayan hissəsində müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlıları maksimum 3 ildən sonra bölgəni tərk edəcəklər. Bu isə vacib bir məsələni gündəmə gətirir: Qarabağda yaşayan erməni vətəndaşlarımızın inteqrasiyası. 

Doğrudur, bu məsələ siyasi baxımdan geniş müzakirə olunsa da problemin sosialoji tərəflərinin daha çox olduğu danılmazdır.

Bu səbəbdən, sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrəndik.

Sosioloq Bizim.Media-ya açıqlamasında qeyd edib ki, ilk növəbədə ciddi fəaliyyət proqramının hazırlanmasına ehtiyac var:

“Ən əvvəl, elmi əsaslarla psixoloqların, sosioloqların rəyləri nəzərə alınmalıdır. Bu tip məsələlərdə indiki halda yumşaq metodların tətbiqi daha məqbuldur. Yəni, burada gərginlik yarada biləcək addımlar atmaq, yaxud da “bir yerdə yaşaya bilmərik” demək doğru olmaz.

Bundan əlavə, Qarabağda yaşayan ermənilər arasında azərbaycanlılarla birgə yaşayışın zərurətini dərk edən insanlar var. Həmin şəxsləri müəyyənləşdirmək və onlarla dialoq qurmaq yönündə dövlət və ya qeyri-dövlət təşkilatları müvafiq addımlar ata bilər.

Məsələn, bizim belə bir təklifimiz var idi ki, Türkiyədə, Ermənistanda ya da Xankəndidə yaşayan ermənilərlər birgə layihə, müzakirələr təşkil etmək olar.

Lakin təəssüflər olsun ki, Ermənistanda və Qarabağda yaşayan ermənilərin əksəriyyəti revanşist ideyaların təsiri altındadırlar. Onlara elə gəlir ki, bu, müvəqqəti bir şeydir və hansısa yollarla prosesi geri qaytarmaq olar. 

Digər tərəfdən Fransa kimi erməniləri dəstəkləyən ölkələr var. Müəyyən şəxslər seçib, həmin ölkələrin Azərbaycandakı səfirlikləri ilə müzakirə aparmaq olar ki, “siz nəyə nail olmaq istəyirsiniz?”. Bu istiqamətdə xalq diplomatiyasının geniş tətbiqinə ehtiyac var”.

Əhməd Qəşəmoğlu xarici ölkələrdə yaşayan ermənilərlə dialoqlarından da nümunə gətirib:

“Dəfələrlə olub ki, müzakirələr aparıb, konkret arqumentlər qoyduqdan sonra onlar sual qarşısında qalırlar. Bizim birbaşa ermənilərin özü ilə kontakt qurmağımıza ehtiyac var. Lakin kimlə gəldi, yox. Müəyyən hazırlıqlı insanların iştirakı ilə müzakirələr baş tutarsa, onların əks arqumentlərini də çürüdə bilərik. Bunu şəxsən təcrübədən keçirmişəm. Görürsən ki, ünvanlanan suallar qarşısında erməni nümayəndələri cavabsız qalır”.

Sosioloq, təkcə Xankəndində yaşayan ermənilərlə yox, onları qızışdıran qüvvələrlə də müzakirələrin aparılması labüddür:

“İzah etmək lazımdır ki, dünyada gedən qloballaşma prosesi artıq elə bir mərhələyə qədəm qoyub ki, artıq revanşist əhval-ruhiyyə ilə yaşamaq mümkün deyil. “Azərbaycan 30 il çalışıb torpaqlarını qaytarıbsa, biz də buna nail ola bilərik” ideyasının mənasız olduğunu, tarixi şəraitin bunu mümkünsüz etdiyini konkret arqumentlərlə izah etməliyik.

İstənilən halda, yumşaq metodların tətbiqi xüsusilə vacibdir. Məsələn, biz Türkiyədə yaşayan ermənilərlə bu yöndə dialoqun qurulmasını vacib hesab edirik. Çünki onlar illərdir türklərlə birgə yaşayırlar və Xankəndindəki soydaşlarına bizlərin heç də “onları öldürməyə hazır insanlar” olmadığımızı başa sala bilərlər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin