Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat 1 ildən çoxdur nağd ödənişə qaytarılıb. Ötən il sentyabrın 28-dən avtobuslarda kart sistemindən istifadə edilməsinə başlanılsa da, bu natamamlıq cəmi 54 gün çəkib.
Səbəb aidiyyəti qurumların 206 avtobus üçün aldıqları 210 validator aparatının keyfiyyətsiz və yararsız çıxması olub. Nəticədə külli miqdarda yeyinti ilə yanaşı yüzlərlə vətəndaşın cibinə ziyan dəyib.
Qeyd edək ki, xeyli müddətdir ki, “Sumqayıt Nəqliyyat” MMC tərəfindən Türkiyədən yeni validatorların gətirilməsi sifariş edilib. Amma hələ də yeni validatorların gətirilməsi haqda məlumat yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıt avtobusları kartsız İŞLƏYƏCƏK – Yeyintiyə yol verən “Sumqayıt Nəqliyyat” MMC-nin taleyi necə olacaq?
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov Bizim.Media-ya açıqlamasında yeni validatorların gətirilməsi və avtobusların bu probleminin nə zaman həll olunacağından xəbərsiz olduğunu deyib:
“Bu məsələ ilə “Sumqayıt Nəqliyyat” MMC-nin direktoru məşğul olur. Dəqiq məlumatım yoxdur. İlin sonuna kimi olmasa da, çox güman ki, yaxın günlərdə Sumqayıt ictimai nəqliyyatı kart sisteminə keçəcək.
Sadəcə müasir tipli, güclü beyinə malik və dayanmadan işləyən validatorlara ehtiyac var. Əvvəlki validatorlar özlərini doğrultmadığı üçün sistemi müvəqqəti dayandırdıq. İlin sonuna kimi Sumqayıtda ictimai nəqliyyatın kart sisteminə keçməsi haqda konkret məlumatım yoxdur”.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat” MMC-nin tərəfdaşlığı ilə Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq ötən ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub. Mərhələli şəkildə avtobuslarda xüsusi cihazlar – validatorlar quraşdırılıb. Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib.
Bu kartların ilk dəfə olaraq gediş haqqını təmassız ödəmə və NFC cihazları ilə ödəmə sistemini daşıyan funksiyalara malik olduğu bildirilsə də, tətbiqə başladığı gündən sərnişinlərə problem yaradıb.
Alçina Amilqızı, Bizim.Media