Qaxda 2600 ildən çox yaşı olan mədəniyyət nümunələri aşkarlandı – FOTO  

Hazırda oxunan: Qaxda 2600 ildən çox yaşı olan mədəniyyət nümunələri aşkarlandı – FOTO  

103164

Qax rayonunun Qıpçaq kəndində antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb.  

Belə ki, kəndin cənub hissəsində, Əyriçayın sağ sahilində yerləşən ərazidən bir aya yaxındır arxeoloji ekspedisiya fəaliyyət göstərir.  

Ekspedisiyaya isə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin “Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyev rəhbərlik edir.   
Dosent Taleh Əliyevin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata əsasən, “Şimal-Qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri” ekspedisiyası Əyriçayın sağ sahilində antik dövrə aid torpaq qəbirlər eləcə də müxtəlif maddi-mədəniyyət və məişət əşyalar aşkarlayıb. Məsələn, qəbirlərdən sağ tərəfi üstdə, qismən bükülü vəziyyətdə dəfn olunmuş insanlara aid skeletlər və maddi-mədəniyyət qalıqları üzə çıxarılıb.  

Qazıntılar zamanı tapılan kiçik qadın bütləri arxeoloqların diqqətinə və marağına səbəb olub.  

Arxeoloqların qənaətinə görə, Qıpçaqtəpə abidəsində yaşayış eradan əvvəl VI-V əsrlərdə başlayıb, antik dövrdə ərazidə küp və torpaq qəbirlərdə dəfnetmə adəti mövcud olub. İlk orta əsrlər və klassik orta əsrlər mərhələsində ərazidə yaşayış şimal və şərq hissədə davam edib.

Abidə Qanıx-Əyriçay hövzəsində yerləşən digər antik və ilk orta əsr alban dövrü abidələri ilə (Torpaqqala (Almalı), Torpaqqala (Lələli), Ağyazı, Qarabulaq, Qalaşəhər) bənzər maddi mədəniyyət nümunələrini özündə daşıyır. 
Ərazidə arxeoloji tədqiqatlar başa çatandan, maddi-mədəniyyət və məişət nümunələri tədqiq olunandan sonra  ekspedisiya daha ətraflı məlumat verməyi planlaşdırır.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin