Qaz sayğacı dəyişdirilib, amma vəsait yükləmək problemə çevrilib. Səbəb isə çox sadədir, kənddə terminal yoxdur. Söhbət Salyan rayonunun Yenikənd kəndindən gedir.
Bizim.Media-nın Cənub bürosu Salyanın Yenikənd kəndindən xəbər verir ki, Salyan Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən kənddə qaz sayğacları dəyişdirilib.
Vaxtı bitmiş və borcu olan istifadəçilərin sayğacları açılaraq, yerinə smart tipli yeni nəsil sayğaclar quraşdırılıb. Sakinlər də bəh-bəhlə mavi qazdan istifadə etməyə başlayıblar.
Bayram “Azəriqaz”ın təqdim etdiyi 3 manatlıq kredit limiti bitənədək davam edib. Növbəti günlərdə isə istifadəçilər problemlə üz-üzə qalıblar. Məlum olub ki, mavi qazın davamı üçün karta vəsait yükləmək lazımdır. Bunun üçünsə e-manat terminalı gərəkdir. Sakinlər deyirlər ki, kənddə e-manat terminalı olmadığı üçün onlar 25 kilometr məsafə qət edib rayon mərkəzinə getməlidirlər.
Bunun üçün isə azı 5 manat vəsait xərcləməlidirlər.
Kənd sakini Ziya Nemətovun sözlərinə görə o, həftənin 6 günü işdə olduğu üçün ailə üzvləri çətinliklə üzləşirlər. Çünki qaz bitdiyi zaman ailəsi onun işdən qayıtmasını gözləməli olurlar. Kənddə terminal quraşdırılsa, uşaqdan-böyüyə hər kəs kartın balansını rahat artıra bilər.
Problemin həlli üçün üz tutduq Salyan rayon Qaz istismar sahəsinə. Qurumdan Bizim.Media-ya bildirdilər ki, smart tipli sayğaclar şəhid və qazi ailələrinin mənzillərinə onların istəyi əsasında qoyulur.
Digər halda isə borclu olan abonentlərin borcu hissə-hissə odəməkləri üçün quraşdırılır.
O ki, qaldı terminalın quraşdırılmasına sakinlər terminalların quraşdırılması üçün müvafiq quruma müraciət etməlidirlər.
Qeyd edık ki, Yenikənd kəndində 1800 təsərrüfat mövcuddur və kənd rayon mərkəzindən 22 kilometr məsafədə yerləşir
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu